21.11.2024, 22:45
AZ EN
12.09.2022, 10:25 352

İstiqlal Muzeyinin Şuşa şəhəri ilə bağlı layihəsi davam edir

XƏBƏRLƏR
  • "Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihəsi davam edir.

Layihə çərçivəsində təqdimatlardan biri Şuşa şəhərinin tarixi memarlıq abidəsi olan Aşağı Gövhər ağa məscidinə həsr olunub.

Şuşada iki Cümə məscidindən biri olan Aşağı Gövhər ağa məscidi İbrahim xanın qızı Gövhər ağa tərəfindən inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi vəsaiti əsasında həyata keçirildiyinə görə tikiliyə onun adı verilib.

Yuxarı Gövhər ağa məscidi inşa edildikdən sonra isə bu məscid Şuşa camaatı arasında Aşağı Gövhər ağa məscidi adlandırılıb.

İkiyaruslu məscidin şimal fasadında üçtağlı eyvan yerləşir. Onun orta tağı yarımdairəvi yan tağlarından fərqli olaraq oxvaridir ki, bu da tikiliyə xüsusi gözəllik verir. Yan tağlar üzərində əsas fasad boyunca yüksələn həmin tağ məscidin ön girişinə işarədir.

Aşağı Gövhər ağa məscidinin ibadət zalı çatmatağ və beş günbəzlə örtülüb. Məscidin ikinci mərtəbəsində yan hissələrdə qadınlar üçün nəzərdə tutulmuş eyvanlar uzanır.

1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal edilməsi ilə şəhərin bütün memarlıq abidələri kimi Aşağı Gövhər ağa məscidi də erməni vandalizminin qurbanına çevrilmiş, 28 il müddətində xeyli dağıntılara məruz qalıb. (AZƏRTAC)

Oxşar xəbərlər