22.11.2024, 21:01
AZ EN
22.11.2024, 14:00 130

Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı təşkil edilib

XƏBƏRLƏR
  • Noyabrın 21-də Misir-Britaniya Universitetində Misirin dövlət və ictimai xadimlərinin, diplomatik korpusun təmsilçilərinin iştirakı ilə Azərbaycan klassik musiqisi gecəsi keçirilib.

Səfirliyin adıçəkilən universitetlə birgə təşkil etdiyi tədbirdə musiqi incilərimiz Misir Filarmoniya Cəmiyyətinin orkestri tərəfindən təqdim olunub.

Tədbiri açan Misir-Britaniya Universitetinin rektoru, professor Məhəmməd Lutfi çıxışında belə bir tədbirin onun rəhbərlik etdiyi elm ocağında keçirildiyindən məmnunluğunu ifadə edib, bir neçə gün öncə Misir-Britaniya Universitetinin ADA Universiteti ilə birlikdə Bakıda COP29 tədbirində iştirak etdiyini bildirib.

Sonra səfir Elxan Poluxov çıxış edərək deyib ki, konsert Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına və Azərbaycanın COP29-a ev sahibliyi etməsinə həsr olunub.

Azərbaycanla Misir arasında əlaqələrin ildən-ilə genişləndiyini bildirən diplomat, bu il ölkəmizin Qahirədə səfirliyinin açılmasının 30 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, münasibətlərin bu səviyyəyə çatması iki ölkənin siyasi liderlərinin müdrik rəhbərliyi sayəsində mümkün olub. Səfir diqqətə çatdırıb ki, ən yüksək səviyyədə qarşılıqlı səfərlər, tələbə mübadiləsi, konsertlər, sərgilərin təşkili, habelə biznes və idman sahələrində əməkdaşlıq – bütün bunlar Azərbaycan və Misirin yaxın tərəfdaşlar və dostlar olduğunu bir daha göstərir.

Belə tədbirlərin Azərbaycan mədəniyyətini və musiqisini Misir auditoriyasına tanıtmaq üçün əla fürsət olduğunu bildirən səfir, gecədə iştirak etmək üçün Qahirədə səfərdə olan dünya şöhrətli bəstəkar və dirijor Tofiq Bakıxanovu iştirakçılara təqdim edib.

Konsertdə Qara Qarayevin “Leyli və Məcnun” simfonik əsərindən parçalar, Tofiq Bakıxanovun violonçel və simfonik orkestr üçün konserti, Fikrət Əmirovun “Şur” simfonik muğamı səslənib.

Azərbaycan musiqiləri iştirakçılar tərəfindən maraqla qarşılanıb və yerli mətbuat tərəfindən geniş işıqlandırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər