12.12.2025, 16:48
AZ EN
12.12.2025, 12:57 203

Ulu Öndərin sənətə sevgisi və sənətkara hörməti – Gülyaz Məmmədova xatirələrini bölüşür

XƏBƏRLƏR
  • Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev təkcə siyasi lider deyil, həm də milli mədəniyyətimizin, incəsənətimizin böyük hamisi, sənət adamlarının ən yaxın dostu olub. Onun istedadlı insanlara göstərdiyi diqqət və qayğı bu gün də mədəniyyət xadimlərinin yaddaşında dərin hörmət və minnətdarlıqla yaşayır. Xalq artisti Gülyaz Məmmədova Moderator.az-a verdiyi müsahibəsində Heydər Əliyevin sənətə və sənətkara verdiyi dəyərdən söz açıb, Ulu Öndərlə bağlı unudulmaz xatirələrini bölüşüb.

“Heydər Əliyev bizimlə hər zaman ata kimi maraqlanıb, qayğımızı çəkib. O çox nadir şəxsiyyət idi. Məhz onun qərarı ilə bölgələrdən istedadlı uşaqları seçib Bakıya, musiqi təhsili almağa gətirirdilər. Bu seçimlər nəticəsində bu gün səhnəmizdə neçə-neçə sənətkar var. Bütün bunlar Heydər Əliyevin uzaqgörən siyasəti və sənətə olan sevgisinin nəticəsidir”,- deyə sənətkar bildirib.

Xalq artisti Ulu Öndərlə bağlı daha bir maraqlı xatirəsini də bölüşüb: “Arşın mal alan” tamaşasına böyük hazırlıq gedirdi. Bizə dedilər ki, Heydər Əliyev də tamaşaya gələcək. Ancaq sonra məlum oldu ki, başqa ölkə prezidenti gəlib deyə, Ulu Öndər gələ bilməyib. Biz tamaşanı yenə də ürəklə oynadıq. Daha sonra rayona el şənliyinə dəvət aldım. Orada olarkən təcili xəbər gəldi ki, Heydər Əliyev sabah tamaşaya gələcək. Dərhal Bakıya qayıtdım. Tamaşamız çox uğurlu keçdi. Səhnənin arxasına gəlib bizi tək-tək təbrik etdi, gülərüzlə çox gözəl sözlər söylədi. Məni əvvəlcə tanımadı. Deyirdi ki, 'Telli hanı?'. Sonra məni göstərdilər, üzüm açıldı, dedi ki, 'bacılardan biridir də'... Bizi “bacılar” deyə çağırırdı, çox səmimi münasibəti vardı. Hətta bəzən soruşardı ki, Gülyanaq hansınızdır, Gülyaz hansınızdır?”.

Gülyaz Məmmədova qeyd edib ki, Ulu Öndərin onunla və bacısı Gülyanaq xanımla münasibəti xüsusi olub. “Hər dəfə əlimizdən tutub hansısa muğamı səsləndirməyimizi istəyirdi. “Heyratı” muğamını televiziyadan eşitmişdi, dərhal əmr etmişdi ki, muğam oxuyan bacıları da dövlət tədbirlərinə dəvət edin. Bu sözlərdən sonra bütün dövlət tədbirlərində yer alırdıq. Həmişə səhnə arxasına keçib bizimlə görüşərdi, təbrik edərdi, xoş sözlərini əsirgəməzdi. Hətta bir dəfə yerə düşən qolbağımı əyilib götürərək mənə vermişdi. Qadına olan bu cür hörmət, bu cür zərif münasibət əsl dövlət adamına, böyük şəxsiyyətə məxsus idi”.

Bu xatirələr bir daha sübut edir ki, Heydər Əliyev üçün mədəniyyət və incəsənət təkcə dövlət siyasətinin bir istiqaməti yox, xalqın ruhu, kimliyi və gələcəyi idi. Onun sənətə, sənətkara olan sevgisi bu gün də sənətkarların qəlbində böyük ehtiramla yaşayır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər