19.04.2024, 08:08
AZ EN
17.08.2022, 14:06 539

“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Cahangir bəy Nəsirbəyov

XƏBƏRLƏR
  • “Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

Layihə çərçivəsində növbəti təqdimat Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordusunun zabiti, tarixçi Cahangir bəy Nəsirbəyova həsr olunub.

Cahangir bəy Zeynal bəy oğlu Nəsirbəyov 1892-ci ildə Şuşada zadəgan ailəsində anadan olub. İlk təhsilini Şuşada alıb.

O, Birinci Dünya müharibəsi başlayanda hərbi xidmətə çağırılır, Qafqaz cəbhəsində vuruşaraq, orden və medallarla təltif olunub.

O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən hərbi kadrların yaradılmasında iştirak edib. 1918-ci ildə Zaqafqaziya Seymi C. Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin – "Müsəlman praporşiklər məktəbi"nin rəisi təyin edib. Hərbi rütbəsi artırılıb: ştabs-kapitan, sonra isə kapitan oldu. Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi məktəb Gəncəyə köçüb, türkiyəli hərbçilərin köməyi ilə fəaliyyətini bərpa edib və statusu yüksəldilərək "praporşiklər məktəbi"nə çevrilib. Nəsirbəyov isə məktəbdə rəisin köməkçisi kimi xidmət etməyə başlayıb.

XI Qızıl ordu Bakını işğal etdikdən sonra C. Nəsirbəyov bu ordunun sıralarına daxil olub. Lakin burada xidməti uzun sürməyib. Onun evində axtarış aparılıb, şəhərdən çıxmamaq barədə dilindən iltizam alınıb.

Cahangir bəy bir neçə gün sonra Azərbaycanı tərk edərək Türkiyəyə köçüb. Bu illərdə məktəblərdə rus, alman, fransız dillərini tədris edib.

İstanbulda çap olunmuş kitabların, "Müxtəsər Azərbaycan tarixi", "Şirvanşahlar yurdu" əsərlərinin müəllifidir.

O, daha sonra Almaniyaya köçür və burada olarkən ailəsinə göndərdiyi məktublarında yazırdı ki, "Tezliklə Azərbaycan azad olacaq, müstəqilliyini qaytaracaq və biz hamımız Vətənimizə gedəcəyik". Amma onlar bir daha görüşə bilmədilər. Cahangir bəy 1944-cü ildə müəmmalı şəraitdə Almaniyada vəfat edib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR