İyulun 18-də Xan qızı Xurşidbanu Natəvanın evinin qarşısında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə ithaf olunan “Füzuli hücrələri” adlı teatral kompozisiya təqdim edilib. Füzulinin əsərlərindən ibarət teatral kompozisiyanı dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, gənc yazıçılar, şairlər, eləcə də yerli sakinlər izləyiblər.
Təqdimatdan əvvəl çıxış edən AYB-nin katibi, kompozisiyanın ssenari müəllifi İlqar Fəhmi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin zəngin yaradıcılığından söz açıb. Bildirib ki, bədii-musiqili kompozisiyada Məhəmməd Füzulinin “Bəngü-badə”, “Leyli və Məcnun”, “Səhhət və Mərəz”, “Rindü Zahid” və s. əsərlərindən istifadə olunub.
Qonaqların böyük marağına səbəb olan kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Kompozisiyada Şuşa Dövlət Musiqili Dram Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı və Azərbaycan Dövlət “Yuğ” Teatrının aktyorları, Əməkdar artistlər Nazir Rüstəmov, Azad Şükürov, Bəhruz Vaqifoğlu, Teymur Məmmədov, Qasım Nağı, həmçinin Orxan Abışov, Püstəxanım Zeynalova, Jalə Novruz, Zəhra Salayeva, Sürahi Əliməmmədova, Nurlan Rüstəmov, Cavad Nuriyev, Elnur İsmayılov, Nihat Heybətov, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak ediblər.
Vaqif Poeziya Günləri Şuşa şəhərində iyulun 19-da da davam edəcək.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.
Qırx iki illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur. (AZƏRTAC)