Əlamətdar gün ənənəvi olaraq ölkəmizdə də mədəni irsi yaşadan məkanlarda, mədəniyyət qoruqlarında çeşidli tədbirlər, sərgilər, ekskursiyalarla qeyd olunur.
Xatırladaq ki, Azərbaycanın üç tarix-mədəniyyət və abidələr məkanı – Qobustan qayaüstü rəsmləri (Qobustan Milli Tarix-Bədii Qoruğu), İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu) və Şəki şəhərinin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə (Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu) artıq neçə illərdir UNESCO-nun Dünya İrs Siyahısındadır. 2023-cü ildə “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiyası da Dünya İrs Siyahısına daxil edilib.
Qobustan qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. Ümumilikdə isə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu var.
Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində Mədəniyyət Nazirliyi və AzTV tərəfindən “Səslənən irsimiz” adlı yeni layihəyə başlanılıb. Layihənin məqsədi Azərbaycanın çoxəsrlik tarixinin, xalqımızın mədəni sərvətlərinin mühüm hissəsini təşkil edən musiqi və memarlıq irsimizin tanıdılmasıdır.
Hazırladı: Mina RƏŞİD