22.11.2024, 01:46
AZ EN
22.02.2024, 15:11 320

Tarixin gözlədiyi kitab

XƏBƏRLƏR
  • Keçmiş ANS telekanalında “Dahilərin divanı” adlı maraqlı bir veriliş vardı. Burada Azərbaycanın dahi şəxsiyyətləri müzakirə olunur, onların fəaliyyəti bu günün kontekstindən qiymətləndirilirdi. Verilişlərdən biri də ustadlar ustadı Aşıq Ələsgərə həsr olunmuşdu.

Qonaqların arasında yer alan şair Məmməd Aslanla filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov arasında ciddi mübahisə düşdü. Professor böyük ustadı islam-irfan kontekstində izah etməyə çalışır, şair isə onun fikirlərinə və çəkdiyi misallara sərt etirazını bildirirdi. Məmməd Aslan heç vaxt tanımadığı bir Ələsgərlə qarşılaşdığı üçün narahat idi, Hüseyn İsmayılov isə dediyindən dönmək fikrində deyildi.

İstər-istəməz sual doğurdu: Kim haqlıdır?

Cavab sualdan da mürəkkəb idi: Hər ikisi.

Şairlə professorun mübahisəsinin kökündə əvvəllər Çar Rusiyasının, sonralar isə Sovet Rusiyasının ciddi ideoloji siyasəti dayanırdı.

Əsrlər ərzində Azərbaycanın, eləcə də işğala məruz qalmış digər ərazilərdə yaşayan xalqların mənəvi kimliyi danılmış, onlar süni şəkildə bir-birinə bənzədilmişdi. Xüsusən sovet dövründə təkcə torpaqlarımız deyil, dini və milli kimliyimiz də əlimizdən alınır, fərqliliyimiz ortadan qaldırılırdı. Aşıq Ələsgər və onun söykəndiyi min illik ənənələr də həmin fərqli kimliyimizə daxil idi. Ona görə sənətkarı yalnız təbiəti və gözəl xanımları vəsf edən və ustadnamələr söyləyən aşıq kimi təqdim edirdilər. Həm də lazımınca tanınmaması üçün onu folklor nümunəsi kimi qiymətləndirir, geniş ədəbi tədqiqata cəlb edilməsinə “lüzum görmürdülər”.

Məmməd Aslan da sovetlər zamanında doğulmuş, böyümüş, təhsil almışdı. Nə qədər istedadlı olsa da, sözü-sənəti ruhuyla-canıyla nə qədər duysa da, ideoloji təbliğat onunla Aşıq Ələsgər arasında uçurum yarada bilmişdi.

Hüseyn müəllim isə alim idi və artıq müstəqil Azərbaycanda yaşayırdı. Ən azı Türkiyə təcrübəsindən (Yunus Əmrə, Qul Nəsimi, Pir Sultan Abdal) çıxış edərək, söhbətin nədən getdiyini bilirdi. Yəqin professor illər sonra yiyələndiyi və tamaşaçılara təqdim etdiyi dəyərli bilgilərə ilk etirazın Aşıq Ələsgəri əzbər bilən və çox sevən Məmməd Aslandan gələcəyini gözləmirdi. Ona görə bir balaca çaşmışdı.

Məmməd Aslan iki tendensiyadan xüsusilə narahat idi:

1. “Ələsgər sığalı hiss olunmayan” misra və şeirlərin onun adına çıxılmasından;

2. Aşıq Ələsgərdən molla düzəldilməsindən.

Əslində, müstəqilliyin ilk illərində bu tendensiyaların hər ikisi kəskin müşahidə olunurdu. Sovet vaxtı müəyyən qadağalara rəğmən indi də bu istiqamətdə ifrat azadlıq işləri korlayırdı. Bilən də, bilməyən də söhbətə girişib öz qiymətləndirməsini aparır, ustadın “yeni şeirləri”, “yeni dastan və əhvalatları” meydana çıxır, bəlli qoşma, gəraylı, təcnis və divaniləri dünyəvi mahiyyətindən tamam qoparılaraq dinə-şəriətə müncər edilirdi.

Bu yanaşma ideoloji müstəvidən əlavə sənət baxımından da antoqonist ziddiyyətlər doğururdu.

Dahi alman şair Şillerin yaradıcılıqla bağlı unikal bir bölgüsü var. O, şeiri saf və düşüncəli deyə iki hissəyə ayırırdı. Məqsəd ədəbiyyatın bu janrının yaranmasında hissin nə qədər, ağlın nə qədər işlədiyini ayırd etmək idi. Əslində, böyük ədib bu təsnifatı apara bilmişdi. Onun düşüncəsinə görə, əsl sənət nümunəsi həm ağlın-intellektin, həm hissin-duyğunun hesabına başa gəlir. Əgər bir tərəf olmasa və ya axsasa, mükəmməl əsər yaranmır. Bu doğrudan da belədir. Hətta yanaşma o qədər dəqiqdir ki, eyni modeli günümüzün nobelli yazarı Orxan Pamuk heç bir dəyişiklik aparmadan roman janrına tətbiq etmiş, burada da eyni uğurlu nəticələrə gəlmişdi.

Professor Hüseyn İsmayılov Şillerin ağıl-intellekt, şair Məmməd Aslan isə hiss-duyğu qanadını təmsil edirdi. Aşıq Ələsgər isə onların ayrı-ayrılıqda və biri-birinin əksinə söylədiyi fikirlərin cəmi və harmoniyasıdır.

Məşhur bir şərq pritçası var. Fil görməyən məmləkətdən beş-altı nəfər tutub gözlərini bağlayırlar və onları fil bağlanan yerə salırlar. Biri əli ilə onun ayağına, biri dişinə, biri quyruğuna, biri xortumuna toxunur və fili elə bu cür də qavrayır.

Onlar haqlıdırlarmı?

Detallarda – hə, ümumilikdə - yox.

Çar və sovet təbliğatı klassiklərimizə münasibətdə eynən bu cür gözlərimizi bağlamış, onları bizə öz istədiyi yerdən göstərmiş, bütöv qavramağımıza imkan verməmişdi. Çünki bu özümüzü dərk etməyə gətirib çıxara bilərdi. Özümüzü dərk etmək isə müstəmləkə boyunduruğunu istisna edirdi.

Müstəqillik dövründə proses tam tərsinə getdi. Sıxılmış yay əks tərəfə daha çox atılan kimi qadağalar götürülüncə müvazinətimizi itirdik, saf tərəfdən düşüncəli tərəfə lazım olduğundan daha böyük addımlar atdıq.

Yazımızın yuxarısında Türkiyə təcrübəsi ifadəsini işlətdim. Doğrudan da Amerikanı təzədən kəşf etməyə ehtiyac yoxdur. Dünyanın bizdən irəlidə olan ölkələrində analoji hallar yaşanmış və uğurlu nəticələrə varılmışdı. Biz hazır modellərdən uyğun məqamlarda yararlanmalıyıq. Misal üçün, türklər Pir Sultan Abdalı necə nəşr ediblər? Əvvəl Bəktaşilik təriqəti haqqında müfəssəl məlumat veriblər, sonra Pir Sultanın bu təriqətə gəlişindən yazıblar. Daha sonra şeirlərini həmin təriqətin simvolik deyimlərinin izahı ilə təhlilə çəkiblər. Cəmi bircə kitabı oxuyunca bütün mətləblərdən hali olursan.

Aşıq Ələsgərin 200 illik yubileyi keçiriləndə (2021) Real TV-də ustada həsr olunmuş verilişdə bir arzumu səsləndirdim. Dedim, arzum budur Aşıq Ələsgərdən də eynən Pir Sultan Abdal kimi dəqiq, əhatəli, mətləbi yayındırmadan izah edən bir kitab yazılsın. Çox sevinirəm ki, bu kitab, nəhayət, yazıldı. Söhbət filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” monoqrafiyasından gedir. Bu kitab Aşıq Ələsgəri – gerçək Ələsgəri tanımaq, ümumən aşıqlıq, ozanlıq, dədəlik məqamından halı olmaq üçün çox qiymətli bir mənbədir. Ən vacibi, kitabın toxunduğu məsələlər Qurbanidən Aşıq Ələsgərəcən ayrı-ayrı aşıqların şeirləri kontekstində, eyni zamanda, Nəsimi, Füzuli, Xətai, Nəbati, Seyid Əzim, Əliağa Vahid kimi divan ədəbiyyatı şairlərinin yaradıcılığı ilə müqayisəli şəkildə izah edilib.

Kitabın ən dəyərli məziyyətlərindən biri də odur ki, kitabda quzeyli-güneyli Azərbaycan, Anadolu, Kərkük elləri, Orta Asiya, Şimali Qafqaz, eyni zamanda indi başqa ölkələrin sərhədləri daxilində qalmış torpaqlarımız bütöv bir coğrafiya kimi götürülür. Bu geniş arealı islam-irfan konteksti üzərində pərvəriş tapmış böyük bir məfkurə və bu məfkurədən doğmuş unikal yaradıcılıq nümunələri birləşdirir. Kitabın mənəvi paytaxtı Göyçədir. Miskin Abdaldan başlayan, Dədə Ələsgərlə daha da alovlanan bir səfəvi-qızılbaş ocağı...

Şərif Ağayar

Oxşar xəbərlər

SON XƏBƏRLƏR