Bildiyimiz kimi, yallı insanların cəsarətinin, birliyinin, həmrəyliyinin rəmzidir. Birliyimiz həm də itirdiyimiz torpaqlarımızı, yurd yerlərimizi qəlbimizdə, əməlimizdə yaşatmaqdan keçir. Qərbi azərbaycanlılar deyirlər ki, onlar öz yerindən, ata-baba yurdundan ayrı düşsələr də, tarixi kökündən, qədim adət-ənənələrindən ayrı düşməyiblər. Özgə torpaqlarında gözü olan nankor qonşularımız milli-mədəni sərvətlərimizi də oğurlamaq üçün həmişə pusquda dayanıblar. Elə Ağbaba yallısına da əl uzadıblar, ancaq onu özününküləşdirməyi bacarmayıblar...
Ağbaba yallısı nə vaxt yarandığı məlum olmasa da Qərbi Azərbaycanlıların ruhuna-qanına hopub. Böyükdən kiçiyə hamının sevə-sevə qol-qola oynadığı bu qədim rəqs soydaşlarımızın elə bir şənliyi, toy-düyünü olmaz ki, orada icra edilməsin. Bu il sentyabrın 3-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Mərkəzinin park ərazisində Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbirdə konsert proqramının da “Ağbaba yallısı" ilə yekunlaşması təsadüfi deyil.
Mina RƏŞİD