Azərbaycanşünaslıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstü qoyulub, Mərkəzdə onun dövlətçiliyimiz, Azərbaycan dili ilə bağlı sitatları yazılıb, Azərbaycan-Özbəkistan dostluğuna dair guşələr təşkil edilib, tariximiz, dövlətçiliyimiz, mədəniyyətimizə dair mini kitabxana yaradılıb.
Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçöhrə Rixsiyeva təhsil ocağı haqqında məlumat verib, 1918-ci ildə yaradılan Türkistan Şərqiyyat Universitetinin varisi olan 105 illik yubileyini qeyd edən universitetdə 7 fakültədə 14 istiqamət üzrə beş minə yaxın tələbənin təhsil aldığını qeyd edib.
Rektor universitetdə türk, ərəb, fars, Koreya, yapon, Çin, urdu, hind, puştu, malay, Vyetnam və s. dillər üzrə mütəxəssislər hazırlandığını vurğulayıb, AMM-nin təşəbbüsü ilə 2022-ci ildən başlayaraq Azərbaycan dilinin də tədris olunduğunu qeyd edib.
Gülçöhrə Rixsiyeva Azərbaycanla yüksək səviyyəli əlaqələrdən danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzi ilə razılığa əsasən gələcəkdə universitetdə Azərbaycan dili üzrə mütəxəssislərin hazırlanmasının həyata keçiriləcəyini və yaradılan Azərbaycanşünaslıq Mərkəzinin bu istiqamətdə baza rolunu oynayacağını söyləyib. O, Azərbaycanşünaslıq Mərkəzinin universitetin tələbələri, özbək gəncləri və tədqiqatçılara Qafqazın lider dövləti, qardaş Azərbaycanı daha dərindən öyrənmək üçün gözəl imkanlar açacağına inandığını vurğulayıb.
AMM-nin direktoru Azərbaycan-Özbəkistan dostluğu, Türk dövlətləri arasında mədəni əlaqələr və əməkdaşlıqdan danışaraq, dövlət başçılarımızın görüşləri, verdiyi tapşırıqlar nəticəsində bu gün münasibətlərin yüksək səviyyəyə çatdığını bildirib.
Hazırladı: Mina RƏŞİD