Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən kollecin direktoru Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov Seyid Şuşinskinin həyat və yaradıcılığından söhbət açıb. O, zəngin yaradıcılıq yolu keçmiş Seyid Şuşinskinin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycanın mədəniyyət incisi Şuşanın böyük rolu olub.
Kitabın müəllifi Mustafa Çəmənli qüdrətli sənətkar Seyid Şuşinskinin xalqımızın mənəvi dünyasının formalaşmasına böyük töhfə verdiyini, muğam ənənələrimizi layiqincə qoruyaraq yaşatdığını diqqətə çatdırıb. “Seyid Şuşinskini təkcə tələbələri, həmkarları yad etməyib, bizdən əvvəl onu dəyərli sənətkarlar da anıblar, həmçinin kitablarında, məqalələrində hörmətlə yad ediblər. Bu xatirələri həmin dəyərli səhifələrdən götürərək kitaba əlavə etmişik”, - deyə M.Çəmənli qeyd edib.
Tədbirdə çıxış edənlər sənətkarın bənzərsiz sənət dünyasından söz açaraq, sənətkarla bağlı xatirələrini bölüşüblər. Seyidin nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik olduğunu, yaradıcılığı ilə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirdiyini vurğulayıblar. Həmçinin Seyid Şuşinskinin müəllim kimi uzun illər istedadlı musiqiçilərin yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Onun tələbələri arasında Əlibaba Məmmədov, İslam Rzayev, Qulu Əsgərov, Nəriman Əliyev kimi muğam sənətimizdə özünəməxsus dəst-xətti olan sənətkarlarımızın olduğu vurğulanıb.
Tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, Seyid Şuşinski "Azdrama"da, Azərbaycan Dövlət Konservatoriyasında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Radio Komitəsində çalışıb, 22 il muğamdan dərs deyib. Onun yetirməsi olan xanəndələrin şöhrəti Azərbaycan Respublikasının hüdudlarını çoxdan aşıb. Seyid Şuşinskinin adı tələbələrinin, onlardan sonra gələn və gələcək hər bir xanəndənin muğam dünyasında yaşayacaq. Necə ki, Azərbaycan muğamları əsrlər boyu ağızdan-ağıza, ustaddan şəyirdə keçərək əbədilik qazanıb, Seyid Şuşinski də bu muğam mülkünün təkrarolunmaz bələdçisi kimi daim öndə gedəcək. (AZƏRTAC)