08.09.2024, 07:51
AZ EN
03.08.2023, 11:19 331

Professor Ləman Atakişiyevanın doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın ilk qadın dirijoru, Əməkdar incəsənət xadimi, professor Ləman Atakişiyevanın doğum günüdür. Ləman Həsən qızı Atakişiyeva 1933-cü il avqustun 3-də Bakıda müəllim ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyası nəzdində musiqi məktəbində təhsil alıb. 1951-ci ildə məktəbi bitirib. Həmin il konservatoriyada Xor dirijorluğu şöbəsi açılıb və o burada təhsilə başlayıb.

Ləman Atakişiyevanın yaradıcı xormeyster kimi formalaşmasında 1954-cü ildə Bakıya dəvət edilən istedadlı musiqiçi, xormeyster A.Yurlovun böyük əməyi olub. Belə ki, 1955-ci ilin mayında A.Yurlov tərəfindən növbəti Mahnı bayramı keçirilib və bu dəfə onun təqdimatı ilə tədbirin baş dirijoru konservatoriyanın tələbəsi, artıq istedadlı xormeyster kimi özünü göstərən Ləman Atakişiyeva olub. Beləliklə, o, Azərbaycanın ilk qadın xormeysteri kimi incəsənət salnaməmizə adını yazdırıb.

L.Atakişiyevanın konservatoriyada təhsil aldığı dövr Azərbaycanın xor sənətinin təşəkkülü və inkişaf prosesi ilə üst-üstə düşürdü. O, tələbə ikən İliç adına Mədəniyyət sarayının özfəaliyyət xoruna rəhbərlik edirdi. Məhz bu xorun iştirakı ilə S.Raxmaninovun “Aleko” operası səhnələşdirilib. Əsəri filarmoniyanın simfonik orkestri müşayiət edirdi. L.Atakişiyeva sonra bu xor ilə Cənubi Qafqaz respublikaları özfəaliyyət kollektivlərinin müsabiqəsində birinci mükafata layiq görülüb. 1956-cı ildə konservatoriyanın nəzdində opera studiyası yaradılıbr və L.Atakişiyeva kollektivə rəhbər təyin olunub. Bu studiya N.Rimski-Korsakovun “Qar qız”, S.Raxmaninovun “Aleko”, F.Əmirovun “Sevil” və s. operaları səhnələşdirərək tamaşaçılara təqdim edib.

L.Atakişiyeva 1966-cı ildə Rusiyanın Qnesinlər adına Moskva Musiqi-Pedaqoji İnstitutunun aspiranturasına qəbul olunub. Burada da bəxtinə A.Yurlovla birgə çalışmaq düşüb. Qeyd edək ki, A.Yurlov  L.Atakişiyevanın həm də elmi rəhbəri olub. O, Moskvadan qayıdandan sonra Azərbaycan Dövlət Konservatoriyasında Xor dirijorluğu kafedrasının dosenti kimi pedaqoji fəaliyyətini davam etdirib.

1976-cı ildə Bakıda Xor Cəmiyyəti nəzdində kamera xoru yaradılıb. Kollektivin bədii rəhbəri isə L.Atakişiyeva olub. Bu kollektivin sorağı tezliklə ölkəmizin sərhədlərini aşıb. 1979-cu ildə Krımda qastrol səfərində kollektiv dinləyicilərin təkidi ilə N.Əliverdibəyovun “Bayatı-Şiraz” xor əsərini 4 dəfə ifa edib. Q.Qarayevin “Payız” əsəri uzun müddət xorun vizit kartına çevrilib.

Kamera xoru keçmiş SSRİ-nin onlarla şəhərində, Rumıniyada qastrol səfərlərində olub. Sənətkar 1981-ci ildə Atatürk adına İstanbul Opera və Balet Teatrına baş xormeyster vəzifəsinə dəvət olunurb. O, burada üç teatr mövsümündə 10-dan çox rus və qərb bəstəkarının əsərlərini hazırlayıb. Eyni zamanda türk bəstəkarı Adnan Sayqunun Atatürkə həsr olunan “Dastan” adlı irihəcmli vokal-simfonik əsəri üzərində işləyib. L.Atakişiyeva Bakıya qayıdandan sonra pedaqoji fəaliyyətlə bərabər Opera və Balet Teatrında baş xormeyster vəzifəsində çalışıb.

Xor sənətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən L.Atakişiyeva 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Lakin onun yaratdığı kollektivin fəaliyyəti o qədər də uzun sürməyib. İttifaq ərazisində baş verən ictimai-siyasi böhranın yaratdığı çətinliklər fonunda 1989-cu ildə həm Xor Cəmiyyəti, həm də kamera xoru maddi problemlər üzündən öz fəaliyyətini dayandırıb.

Görkəmli sənətkar 2001-ci ildə Rusiyanın Xor Sənəti Akademiyasından dəvət alıb. 2010-cu ilə qədər Moskvada yaşayıb fəaliyyət göstərib.

Professor Ləman Atakişiyeva 2015-ci ildə, 82 yaşında vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər