Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb və layihənin artıq 3 il davam etdiyini bildirib.
Direktor Qarabağda erməni vandalları tərəfindən 975 kitabxananın məhv edildiyini və 4 milyon 600 min kitabın yandırıldığını vurğulayıb. O, Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirilən “Qarabağa kitabla gedək” layihəsinin əsas məqsədinin işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunacaq kitabxanalar üçün kitab toplamaq olduğunu və artıq 130 min kitabın işğaldan azad olunan ərazilərin kitabxana fondları üçün toplandığını qeyd edib.
Tədbirdə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və Xalq yazıçısı Elmira Axundova çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Onlar “Qarabağa kitabla gedək” layihəsinin ən uğurlu layihələrdən biri olduğunu vurğulayıblar.
Bildirilib ki, respublika və digər ölkə nəşriyyatları da bu layihəyə qoşularaq öz nəşrlərini hədiyyə edirlər. (AZƏRTAC)