18.04.2025, 09:23
AZ EN
22.06.2023, 11:38 285

Bu gün vokal sənətimizin banisi Bülbülün doğum günüdür

XƏBƏRLƏR
  • Opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Məmmədov Murtuza Məşədi Rza oğlu (Bülbül) 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub. Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsi olduğuna görə verilib. Bülbül 1916-cı ildən səhnə fəaliyyətinə başlayıb. 1920-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o vaxt Birləşmiş Dövlət Teatrının opera truppası) solisti olub. 1927-ci ildə Bakı Konservatoriyasını bitirib və təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

Onun oynadığı əsas partiyalardan Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Koroğlu, “Arşın mal alan” operettasında Əsgər, Müslüm Maqomayevin “Nərgiz” operasında Əlyar, Əfrasiyab Bədəlbəylinin “Nizami” operasında Nizami və başqa ifalarını qeyd etmək olar.

Qeyd edək ki, Bülbül həm də romans, xalq mahnıları və təsniflərlərin də gözəl ifaçısı olub. Üzeyir Hacıbəyliniz “Sənsiz”, “Sevgili canan” romansları, “Süsən sünbül”, “Qara gözlər”, “Xumar oldum” kimi xalq mahnıları buna misal ola bilər.

Böyük sənətkar 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub. Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. İki dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni, İtaliyanın Haribaldi ordeni ilə təltif edilib. 

1961-ci il sentyabrın 26-da Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilib.

Hazırda Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi və Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR