Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının adından Fransa ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu barədə məlumat verilib. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqəti cəlb edən soydaşlarımız bu cinayətkar əməli beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndiriblər.
Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3 min 890 nəfər azərbaycanlıya qarşı zorakılık aktlarını araşdırmasının və lazımi qiymət verməsinin vacib olduğu qeyd edilib.
Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyən Fransa Azərbaycanlılarının Koordinasiya Şurası beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıblar. (AZƏRTAC)