09.04.2025, 07:09
AZ EN
18.04.2023, 10:33 261

“Azərbaycan Bayrağı" ordenli Şəhidimiz

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid baş leytenant Əliqismət Mükafat oğlu Yaqublunun doğum günüdür. O, 1992-ci il aprelin 18-də Lerik rayonunun Kələxan kəndində anadan olub. Lerik şəhər 3 nömrəli tam orta məktəbində oxuyub. 2007-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Əliqismət Yaqublu 2015-ci ildə leytenant rütbəsi ilə Qobustanda yerləşən "N" saylı hərbi hissəyə təyinat alıb, amma elə həmin ildə komandanlığa ərizə yazaraq ön cəbhədə xidmət etməki istədiyini bildirib. Gənc leytenantın arzusunu nəzərə alan rəhbərlik onu Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərib.

2016-cı il "Aprel döyüşləri "ndə xüsusi qəhrəmanlıq göstərən Əliqismət Yaqublu bundan sonra Qobustana təyinat alıb. 2017-ci ildə yenidən öz istəyi ilə cəbhə bölgəsinə, Ağcabədiyə göndərilib. 2018-ci ildən ona Xüsusi Təyinatlı Qüvvələrdə Xidmət rəisi kimi mühüm vəzifə tapşırılıb.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin zabiti kimi ön cəbhəyə göndərilib. Əliqismət Yaqublu Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun və Laçının bir neçə kəndlərinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərib. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək sıradan çıxarıb. Baş leytenant Əliqismət Yaqublu noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə, Daşaltı kəndində qəhrəmancasına şəhid olub.

Şəhidimiz atasına etdiyi vəsiyyətə görə, Lerik rayonunun Kələxan kəndində, babası Elşad Yaqubovun məzarının yanında dəfn olunub.

Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Əliqismət Yaqublu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Evli idi, Əliəsgər və Məhəmməd adında övladları Vətənə əmanət qalıb.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR