Qarakilsə rayonunun Şəki kəndində anadan olan Firəddin Nəcəfov doğma kəndləri barədə danışanda sanki o uşaqlıq çağlarına qayıdır. Yaşıllığa qərq olan doğma kənslərini, dillər əzbəri olan Şırşır şəlaləsini xəyalında canlandıraraq gah həyacanla, gah sevinclə, gah da kədərlə uşaqlıq illərinin xatirələrini şirin kənd ləhcəsi ilə dilə gətirir.
Qeyd edək ki, Nəcəfovlar ailəsi də erməni dəhşətlərini həyatlarında yaşayan ailələrdən biridir. Firəddin deyir ki, atam Aydın Nəcəfov ermənilərin təcavüzü nəticəsində aldığı ağır bədən xəsarətindən dünyasını dəyişib.
"O vaxtlar Şəki kəndində ermənilərlə bir kənddə yaşasaq da, hər zaman onların gizli düşmənçiliyinin şahidi olurduq. Bizə qarşı çox kinli idilər. Azərbaycan, türk adını eşitmək istəmirdilər".
Firəddin deyir ki, atamın qohumlarından bir hissəsi Qubadlı rayonunda yaşadığına görə atam imkan olduqca ora gedib-gəlirdi.
Bir gün yenə Qubadlıdan qayıdırmış, Laçın tərəfdə bir dəstə erməni qulduru onun qarşısını kəsib, tək olduğunu görəndə atamı möhkəm döyüblər, qabırğalarını sındırıblar, bütün iç orqanlarına xətər yetiriblər. O, al-qan içində güclə gəlib evimizə çıxmışdı. Həmin vaxtlar aylarla bu şiddətin ağrısını, acısını yaşadı.
Bizim şikayətimiz əsasında Moskvadan ekspert qrupu gəldi, atamı apardılar Gorus rayonunda ekspertiza edib dedilər ki, beyn daxili zədə aldığına görə dövlət tərəfindən pul ayrılacaq. Aradan bir müddət keçəndən sonra Moskvadan ikinci ekspert qrupu gəldi, yenə aparıb Gorusda yoxladılar, onlar da eyni sözü deyib getdilər. Ondan sonra daha nə gələn oldu, nə də maraqlanan. Suallarımız, sorğularımız cavabsız, atam isə carəsiz dərdinin əlində qaldı...
Firəddin Nəcəfov söhbətinə davam edərək bildirir ki, artıq erməni vəhşiliyi Qərbi Azərbaycanın hər bölgəsində, rayon və kəndlərində açıq-aşkar hiss olunurdu, eləcə də bizim kəndimizdə. Belə ki, onlar bizimlə tez-tez dava edir, təsərrüfatımıza müəyyən zərər yetirirdilər ki, biz məcbur olub oranı tərk edək. 1988-ci ilin köçhaköçündə oktyabrın 15-də biz doğma ata-baba yurdumuzdan deportasiya olunanda kənddə 15 ailə qalmışdı və ermənilər onları da döyüb qovmuşdular. Amma onlar gəlib Azərbaycana çıxa bilmədilər. Laçının dağlarında qar,çovğuna düşüb ölmüşdülər...
Biz həmin hadisələrdən sonra Sumqayıt şəhərində məskunlaşdıq. Bura gələndən sonra atamın vəziyyəti gündən-günə ağırlaşırdı və erməni quldurlarının ağır xəsarəti nəticəsində rəhmətə getdi...
O, bildirir ki, 44 günlük Vətən müharibəsinin zəfəri qəlbimizdə közərən Vətən həsrətini yenidən alovlandırdı. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış proqramı yenidən bizdə o dədə-baba yurdlarımıza qayıdacağımız inamını gücləndirdi.
O da böyük arzumdur ki, kəndimizə qayıdıb Şırşır şəlaləsini yenidən görüm. Uşaqlığımın ən xoş xatirəsi onunla bağlıdır. Uca Tanrı o günü görməyi bizə qismət eləsin.
Tahirə AĞAMİRZƏ