01.08.2025, 12:56
AZ EN
14.03.2023, 07:55 373

Bu gün “İlaxır çərşənbə”dir

XƏBƏRLƏR

Novruz bayramının tarixi çox qədimdir, adət-ənənə, ayin və rituallarla o qədər zəngindir, günlərlə danışsan bitməz. Bu bayramda xüsusi yeri olan “İlaxır çərşənbə”sidir. Bu gün ölkəmizdə Novruzun sonuncu “İlaxır çərşənbə”si qeyd olunur. Bu çərşənbə el arasında “Yel çərşənbəsi, “Torpaq çərşənbəsi də adlandırılır. Axır çərşənbə Novruz çərşənbələri arasında ən dəyərlisidir. Qədim zamanlarda açır çərşənbə xalq arasına ən əziz günlərdən hesab edilib. Novruz bayram ərəfəsi sonuncu çərşənbə yer oyanır, torpaq nəfəs alır. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsas olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu çərşənbədə torpağa canlanma gəlir, bostan yerləri əkinə hazırlanır. Evlərdə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. İlaxır çərşənbə hər il ölkəmizdə təntənə ilə qeyd edilir. Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələyir. Torpaq çərşənbəsi, ayin və mərasimləri ilə də zəngindir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun milli nemətlərlə zəngin olmasına çalışır. İlaxır çərşənbədə küsülülər barışır, hamı təzə paltar geyinməyə, bulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır.

İlin axır çərşənbə axşamının subay qızlar üçün ən həyəcanlı hissəsi çərşənbə fallarıdır. Subay qızlar “bəxtə baxmaq” üçün gec yatırlar. Adətən bu mərasimi yerinə yetirmək üçün sudan istifadə olunur və çox bölgələrdə buna “su falı “ da deyilir. Bunun üçün gecə cavan qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan; bulaqdan, yaxud çaydan “lal su” gətirilir. Su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayət oluna bilər. Buna ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə su falına baxılacaq qaba tökənəcən danışmamalıdır. Yoxsa həmin su fal üçün yaramaz. “Lal su” bir qaba tökülür. Qızıl üzüyü saçdan keçirib, içi su ilə dolu qaba salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırlar. Say neçə olursa, niyyət tutan qız o yaşda da gəlin gedəcək deyirlər. İkinci adət isə belədir. “Lal su”yu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, kimin falına baxılırsa , birini həmin qız,digərini o qızın istəklisi olan oğlan deyə niyyət edib, fikirdə tuturlar və iynələrin hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Qovuşacaq adamlarda iynələr müxtəlif tərəflərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşmurlar. Əgər iynələr bir-birinə yaxınlaşırsa niyyət yerinə yetir, adları çəkilən oğlanla qızın gələcəkdə qovuşacağına inanılır. İynə suyun dibinə çökürsə, deyirlər ki, su "lal su" deyilmiş, suyu gətirən adam suyun üstündə danışıb.  İlaxır çərşənbə gecəsi icra edilən bəxt fallarından digəri isə belədir. Bayram gecəsi yatanda  əvvəlcədən hazırlanmış duzlu kökə və ya çoxlu duza batırılmış hər hansı bir təamı yeyib yatırlar. Su içmək olmaz. İnama görə niyyəti tutan şəxsə gecə yuxuda içməyə kim su versə, həmin su verən adam yuxu görənin qismətidir. “Ayaqqabı falı” adlanan daha bir ayin isə belədir. İl ərzində evdəki nişanlı və ya gəlin gedəcək qızların xeyir işinin olacağını təyin etmək üçün, qızlar evin içində giriş qapısına arxasını çevirərək, ayaqqabısından birini çıxardaraq başının üzərindən fırladaraq atır. Ayaqqabının düşdüyü vəziyyətə görə bu il xeyir işin olacağı və ya olmayacağı müəyyən edilir. Ayaqqabı evdən çıxan istiqamətdə düşərsə, “bu il niyyət tutan qızın xeyir işi olacaq", deyərlər. Bu ayinlərlə İnsanlar yeni ilə necə qədəm qoyacaqlarını, həyatlarının necə keçəcəyini sınaqdan keçirirlər.

İlaxır çərşənbənin səhəri günü də xüsusi inanclar yerinə yetirilir. Bayram sabahı dan ağaranda yuxudan qalxıb hamı axar su kənarına gedir, gün çıxmamış su üstündən atlanarlar. Su kənarında tonqal yandırıb, bir-birinin üzərinə su ataraq təbrik edirlər. Gənclər “sulaşma” adətini unutmurlar. Onlar özləri ilə götürdükləri qabları su ilə doldurub təzə gələnlərin üzərinə ataraq “bayramınız mubarək” deyirlər. İslananlar bundan qəti incimir, suyun onları paklaşdırdıqlarını bilir, cavabında “aydınlığa cıxasınız” deyirlər. Sonra hər kəs suyun üstündən atlayaraq “ağırlığım, uğurluğum tökülsün bu suyun üstünə” deyirlər. Niyyət edib suyun içərisindən daş götürürlər. Bu niyyət adətən götürüləcək daşın tək və ya cüt olması ilə müxtəlif cür yozulur. Sonra sudan bir ovuc daş və bir qab su götürərək evə qayıdırlar. Gətirilən daş azuqə qablarına və evin künclərinə atılır. Bir sonrakı bayrama qədər orada qalır. Suyu isə həyət bacaya, evin astanasına və künclərinə çiləyib “ilboyu aydınlıq olsun” deyirlər. Əgər evdəkilərdən kimsə su kənarına getməyibsə həmin sudan onun üzünə çiləyərək yuxudan oyadırlar. Daha sonra həyətdə yenidən tonqal yandırılır.

Bayram günü və sabahı nişanlı qızlar və yeni ailə quranlara pay aparmaq adəti də diqqəti cəlb edir. Həmin gün xonçalar bəzənir, qoz, fındıq, püstə, kişmiş, şabalıd, cürbəcür meyvələr, hədiyyələr, rəngbərəng boyanmış yumurtalar tabaqlara yığılıb nişanlı qızlara aparılır. Xonçanın ortasına qırmızı lent bağlanmış səməni də qoyulur. Bu da həmin evə xeyir-bərəkət, ruzi gətirsin deyə mənalandırılır.

Qeyd edək ki, bu yaz fəsli Azərbaycana martın 21-i, saat 01.24-də daxil olacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər