22.11.2024, 07:02
AZ EN
16.02.2023, 09:53 353

Orxan qəhrəman doğulmuşdu

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi şəhidi, gizir Orxan Etibar oğlu Cəfərlinin doğum günüdür.

O, 1996-cı il fevralın 16-da Daşkəsən rayonunda anadan olub. 2003-cü ildə Daşkəsən şəhərində Anar Mürsəlov adına orta məktəbə gedib. 2013-cü ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Orxan hərbi xidmətdə xüsusi bacarığına və döyüş hazırlığına görə çavuş rütbəsi qazanıb. 2015 ci ildə xidmətini şərəflə başa vurub. 2016 ci ildə Müddətdən artıq hərbi xidmətə daxil olub, manqa kamandiri vəzifəsində çalışıb. 2020 ci ildə gizir kursunu bitirərək gizir rütbəsində Vətənə xidmət edib.
Orxan Cəfərli Vətən müharibəsində Kəlbəcərin azadlığı uğrunda gedən döyşlərdə Murovdağ istiqamətində mərdliklə savaşıb. O, qanlı döyüşlər zamanı sağ çiynindən yaralanıb. Orxan yaralı vəziyyətdə döyüşçü yoldaşının - leytenantın həyatını xilas edib. O, yaralı vəziyyətdə düşmənlə əlbəyaxa döyüşdə onu əlləriylə boğaraq başından çıxardığı kaska ilə öldürüb. Sonra yenidən döyüşlərə atılan Orxan Murovdağ istiqamətində yoldaşları ilə bir neçə postu ələ keçirdikdən sonra qəhrəmancasına şəhadətə yüksəlib. Onun nəşi neytral zonada düz 73 gün qaldıqdan sonra tapılaraq Daşkəsən rayon Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Orxan Cəfərlinin əmisi oğlu Həmid Cəfərli də Vətən Müharibəsində şəhid olub.

Atası Etibar Cəfərli ciyərparası ilə bağlı yana-yana danışır. Deyir ki, axırıncı görüşümüzdə bir yerdə oturduq. Xörək də, yemədi, danışmadı, sonra dedi ki, görəsən bu şəhid tabutlarından biri də, mənə qismət olarmı? Bunları göz yaşları ilə söyləyən atası onu da deyir ki, Orxanın nəşi 73 gündə salamat qalmışdı, hamı təəccüblənirdi ki, bu necə ola bilər...

Əmisi Füzulu Cəfərov deyir ki, Orxan hələ heç kəsin xətrinə dəyməmişdi. Bu həqiqətən belədir, artıq söz deyil. Orxan sanki qəhrəman kimi doğulmuşdu. Elə qəhrəman kimi də, şəhid oldu. Şəhidlər ölmür, onlar bizdən ötrü, dövlətimizdən, torpaqlarımızın bütövlüyündən ötrü şəhid oldular. Bütün şəhidlərin hamısı bizim balamızdı. Biz şəhidlərimizin başına and içməliyik. Şəhidlərimizlə fəxr edirik. Eşq olsun belə oğullara!

Bəli, Şəhidlər ölməz, Vətən bölünməz. 24 yaşında ömrünü Vətənə fəda edən gizir Orxan Cəfərli kimi oğullarımız var olduqca üçrəngli müqəddəs bayrağımız da bütün dünyada daha vüqarla dalğalanacaq.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Orxan balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR