Hollandiya, Hirio Tovers: “İlk dəfədir Azərbaycanda, Qarabağda oluram. Azərbaycan əsrarəngiz ölkədir. Hava bir qədər soyuqdur, amma gün çıxıb. İstənilən havada burada hər şey yaxşıdır...”
Amerika, Kristin Valşeyr: “İkinci dəfədir Azərbaycanda oluram. Qarabağa isə birinci səfərimdir. Bura çox möhtəşəmdir. Görülən işlər ilhamvericidir. İnfrastruktura çox maliyyə sərf olunub. Burada olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Yenidənqurma işləri davam etdirilir, hər şey yenidən qurulur”.
Niderland, Hilo Ternorst: “Bura mənim ilk səfərimdir. Qarabağ bölgəsi çox gözəldir. Burada olduğum üçün çox şadam. Azərbaycanlılar bu ərazilərin bərpası üçün böyük işlər görürlər. Azərbaycana yenidən səfər etmək istəyirəm. Çünki Bakını da görmək istəyiəm”.
Azərbaycan xalqı çox güclü xalqdır
İngiltərə, Dez Vayt: “Dünəndən Qarabağdayam. Burada baş verənlərlə tanış oluruq. Şuşayla tanış oldum. Bu bölgənin çox gözəl təbiəti var. Bu gün isə Kəlbəcərdə oldum. Orada dağlar çox gözəldi. Burada görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan xalqı dağıdılmış əraziləri tam bərpa edəcək və həyat öz axarına düşəcək”.
Danimarka, Maqnus Nielsen: “Yolda çoxlu dağıdılmış evlər gördüm. Dağıdılmayan ev, demək olar ki, görmədim. İndi burada bərpa işləri gedir. Bu çox sevindiricidir. Biz Füzuli aeroportunda da, olduq. Möhtəşəm tikilidi, bizə dedilər ki, hava limanı 8 aya tikilib. Bu da heyrətamizdi. Qarabağın təbiəti də, gözəldi”.
İngiltərə, Şaşa Heney: “Biz Qarabağ konflikləri zamanı məlumatları alırdıq. Amma burada dəqiq nə baş verdiyini bilmirdik. İndi bizim burada olmağımız çox maraqlıdır. Bura çox gözəl yerlərdi. Amma dağıdılmış yerləri görəndə məyus oluruq. Əraziləri görəndə real vəziyyət formalaşır. Yol kənarında dağıdılmış evləri gördük. Çox məyusedicidir. Azıx mağarasında da olduq. Tarixinin çox qədim olduğunu dedilər. İndi bölgədə quruculuq işləri gedir, bu çox sevindiricidir”.
Beynəlxalq Hava Limanında gördüklərimdən valeh oldum
Uels, Amanda Deyvis: “Mən ilk dəfədir ki, Azərbaycana gəlirəm. Modern üslubda tikilən Beynəlxalq Hava Limanında olduq. Gördüklərimdən valeh oldum. Təəssüflə qeyd edim ki, ərazidə böyük dağıntılar da gördüm. Bütün evlər yerlə bir edilmişdi. Lakin yenidənqurma və bərpa işlərinin getdiyini gördüm. Bu çox sevindiricidir. İnsanlar gələcəyə nikbin baxmalıdırlar. Regionun təbiəti möhtəşəmdi. Ümid edirəm ki, azərbaycanlılar yenidən bu yerlərdə yaşayacaqlar... Onu da deyim ki, Azıx mağarası insana çox mistik və sirli təsir bağışlayır”.
Qeyd edək ki, xarici turistlərin Azərbaycana marağı və işğaldan azad edilmiş ərazilərimzə səfəri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə yanaşı Qarabağ və Şərqi Zəngəzurun dağ-turizm çərçivəsində beynəlxalq aləmdə tanıdılmasında da, müsbət rol oynayır.
Hazırladı: Mina RƏŞİD