2 fevral – Gənclər günü münasibətilə laçınlı köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl rayon rəhbərliyi, YAP Laçın rayon təşkilatının fəalları və çoxsaylı rayon gəncləri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü və Taxta körpü qəsəbəsində, əbədi məşəlin alovlandığı Şəhidlərin Xatirə Kompleksini ehtiramla ziyarət edib, abidələrin önünə tər qərənfillər düzüblər.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Laçın RİH-nin başçısı Aqil Nəzərli 2 Fevral - Gənclər Günü münasibəti ilə laçınlı gəncləri təbrik edərək, onlara uğurlar arzulayıb. Rayon rəhbəri çıxışında gənc nəslin düzgün formalaşmasının ölkə siyasətində önəmli yer tutduğunu qeyd etməklə, bildirmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə özlərini doğruldurlar.
Tədbirin sonunda bir qrup laçınlı fəal gəncə Laçın Rayon İcra Hakimiyyətinin və Laçın Rayon Gənclər və İdman İdarəsinin fəxri Fərmanı, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
***
Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə RİH-nin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Nazim Çələbiyev, RİH-in məsul əməkdaşları, Vətən Müharibəsi qaziləri və iştirakçıları, rayonun idarə, müəssisəsində çalışan fəal gənclər, idmançılar və müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər. Daha sonra Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən icra başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və digər natiqlər 2 Fevral-Gənclər Günü münasibəti ilə ölkə gəncliyini təbrik edərək bildirblər ki, bu il gənclər günü əlamətdar bir ilə təsadüf edir, belə ki Müzəffər Ali Baş Komandan Möhtərəm Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Ümumilli Lider Heydər Əliyevin ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində müstəsna xidmətlərini vurğulayan natiqlər bildiriblər ki, bu gün həmin uğurlu siyasi xətt dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, siyasi varisi cənab İlham Əliyev tərəfindən uğurla aparılır.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon təşkilatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon Şöbəsinin Fəxri Fərmanları təqdim olunub.
***
X.Rüstəmov adına Y.Mərcanlı kənd tam orta məktəbində “Heydər Əliyev ili” çərçivəsində, “Gənclər günü” münasibətilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, SHXÇDX-nin Cəbrayıl rayon şöbəsinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Cəbrayıl RİH-nin başçısının müavini Fəridə İbayeva, SHXÇDX-nin Cəbrayıl rayon şöbəsinin rəisi Anar Rəhimov, Təhsil sektorunun müdiri Zamiq Qurbanov, YAP rayon təşkilatının fəalları, QHT üzvləri, qazilər və gənclər iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Çıxış edənlər bu əlamətdar tarixi günün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər. Natiqlər bildiriblər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Tarixdə böyük şəxsiyyətlərin əksəriyyəti gəncliyə xitab edib. Ümummilli liderimiz də həmişə xalqına arxalanıb, onun gəncliyinə böyük ümidlər bəsləyib. Dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində də ulu öndər sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verib.
Hazırladı: Mina RƏŞİD