Biz xocalıları yaşadığımız o qanlı, dəhşətli gecədən 30 il ayırır. Əslində, 30 il heç şübhəsiz, qısa bir dövr deyil. Ancaq o dəhşətli gecənin canlı şahidləri üçün törədilmiş bu qətliamlar dünən olmuş kimi ağır bir kədərlə, nisgillə xatırlanır.
Ancaq bir faktı da mütləq qeyd etməliyik ki, illər sonra xocalılar ilk dəfədir ki, özlərində böyük bir təsəlli hissini yaşayırlar. Çünki 30 il bundan öncə uğrunda canlarını qoyduqları, yaxınlarını itirdikləri o torpaqları möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi-siyasi qətiyyəti və rəşadətli ordumuzun qüdrəti sayəsində 44 günlük Vətən muharibəsində düşmən tapdağından azad olunub. Düzdür, artıq bu gün bizim hər birimiz qalib dövlətin qalib vətəndaşıyıq! Ancaq bu qalibiyyət bütün xocalılar üçün tamamilə fərqli bir məna daşıyır. Çünki o dəhşətli gecədə xüsusi vəhşiliklə qətlən yetirilən 613 şəhidin ruhları artıq şaddır, erməni terrorçuları tərəfindən o gecədə müxtəlif fiziki və mənəvi işgəncələrə məruz qalmış xocalıların yarası artıq sızıldamayacaq. Ona görə ki, xocalıların aldıqları bu yaraları, bu zərbələri daha da dözülməz edən onların ürəyindəki vətən həsrəti, vətən nisgili idi.
Ümumiyyətlə, ermənilərin Xocalı şəhərini hədəf almaqda əsas məqsədi Qarabağın dağlıq hissəsində azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi strateji maneəni aradan qaldırmaq, Qarabağdakı yeganə hava limanını ələ keçirməklə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi.
Mənfur düşmənlərin ən əsas niyyəti isə xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Buna nail ola bilməsələr də, 1992-ci ilin 26 fevral gecəsində onlar Xocalıda öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan bir faciə törətdilər.
Bildiyimiz kimi, Xocalı Soyqrımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütövlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 1275 nəfər əsir və girov götürülqb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil. Soyqrım gecəsi qətlə yetirilənlərin əksəriyyətinin cəsədini şəhərdən çıxarmağa ermənilər imkan verməyib, ona görə də vəhçicəsinə qətlə yeririlən xocalılardan yalnız bir qismini dəfn etmək mümkün olub.
Mən də həmin dəhşətli gecənin 2 yaşlı şahidiyəm, 1992-ci ilin 26 fevralı mənim də həyatımda silinməz izlər buraxıb. Belə ki, həmin gecə biz də digər xocalılar kimi başı açıq, ayağı yalın şəhərdən çıxmağa çalışarkən əsir düşmüşük. Əsir düşən vaxt ermənilər Xocalı özünümüdafiə batalyonunun döyüşçülərini işgəncə verə-verə aramızdan seçib aparırdılar. Mənim atam da 13 nəfər döyüşçü ilə birlikdə həmin əsirlərdən biri oldu. Atamla bağlı sonuncu xatirəm onların aramızdan seçilib çıxarılmasından sonra eşitdiyim 13 güllə səsi oldu. Atamla birgə seçilən 13 döyüşçünün sonraki taleyi haqqında bugünədək bizim heç bir məlumatımız yoxdur.
Ulu Öndər Heydər Əliyev deyirdi: "Bütöv-lükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." Ulu Öndər 1 mart 1994-cü ildə Xocalı soyqırımı ilə əlaqədar xüsusi Prezident Fərmanı imzalayıb, Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı günü" elan edilib.
Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət Heydər Əliyev Fondunun “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib. Cənab Prezident İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamında qeyd edildiyi kimi, Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq!
Bu gün mən həm bir şəhid qızı, həm də məcburi köçkün kimi deyə bilərəm ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərin, şəhid və qazi ailələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində olduqca təqdirəlayiq işlər görülür.
Cənab Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına uyğun olaraq Xocalı rayonundan olan 2443 məcburi köçkün ailəsi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən fərdi yaşayış evi və ya mənzillə təmin edilib, onların sosial problemlərinin həll olunması prioritet istiqamət kimi seçilib.
Biz xocalılar heç bir zaman özümüzü ölkəmizin başçısının və dövlətimizin diqqət və qayğısından kənarda hiss etməmişik. Bundan sonra da yeganə amalımız cənab Prezidentin bizlərə qarşı heç bir zaman azalmayan diqqət və qayğısının bəhrəsi olaraq onun həyata keçirdiyi dövlət siyasətinin ətrafında bir yumruq kimi sıx birləşmək və ona hər zaman dəstək olmaqdır.
Lamiə QARAYEVA,
şəhid qızı,
Xocalı Rayon İcra Hakimiyyəti Başçısının
müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri