İİV/QİÇS Qurbanlarının Dünya Xatirə Günü ilk dəfə 1983-cü ildə Amerikanın San-Fransisko şəhərində qeyd edilib. Bir neçə il sonra həmin xəstəliyə qarşı hərəkatın simvolu yaranıb. 1991-ci ildə rəssam Frenk Mur həmin xəstəliyə yoluxmaq nəticəsində vəfat edənlərin xatirəsinə geyimə sancaqlanmış qırmızı lent, yaxud müxtəlif rəngli parçalardan yığılmış xüsusi nişan vurmağı təklif edib. Bu problemə biganə olmayanlar QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günü hazırlanmış nişanları yaxalarına taxırlar.
Həmin günün qeyd olunmasının məqsədi ictimaiyyətin diqqətini QİÇS xəstələri və İİV infeksiyası daşıyıcılarının problemlərinə cəlb etmək, həmçinin dünyada bu problemin yayılmasının qarşısını almağa yönəldilməsidir. Xatirə günü ilə əlaqədar keçirilən tədbirlərdə HİV virusunun yayılmasına qarşı insanlara xəbərdarlıq etmək və onları həmin təhlükədən uzaq olmağa çağırmaq məqsədilə mühazirələr oxunur, maarifləndirici, xatirə və xeyriyyə tədbirlərinin keçirilməsi təşkil edilir.
Həkimlərin qənaətinə əsasən, QİÇS ilk dəfə Afrikada meydana çıxıb. Onun yaşıl meymunlardan insana yoluxduğu güman edilir. QİÇS haqqında ilk qeydlər ötən əsrin 80-ci illərində üzə çıxmağa başlayıb və sonralar onu “XX əsrin vəbası” adlandırıblar.
Ötən ilin axırlarının statistikasına görə, dünyada 84 milyona yaxın insanın İİV-ə yoluxduğu ehtimal edilir. İndiyə qədər dünyada İİV-dən həyatını itirənlərin sayı 40 milyondan çoxdur.
Onu da qeyd edək ki, Azərbaycan regionda ən az yoluxma müşahidə olunan ölkədir. İİV-lə yaşayan insanlara Səhiyyə Nazirliyi tərəfindən profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin olunması işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilir. 2006-cı ildən tətbiq edilən antiretroviral terapiyaya İİV-lə yaşayan 8 minə yaxın xəstə cəlb olunub. (AZƏRTAC)