Vətən müharibəsi şəhidi Solnsev Dmitriy Aleksandroviçin doğum günü ilə əlaqədar İkinci Fəxri xiyabanda məzarı ziyarət olunub.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədrinin, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvlərinin iştirak etdikləri ziyarət zamanı rus əsilli Vətən müharibəsi qəhrəmanının əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Dmitri Solnsev Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 2020-ci il oktyabrın 24-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. (AZƏRTAC)