25.04.2024, 05:04
AZ EN
24.01.2023, 17:46 355

Vətən müharibəsinin könüllü qazisi

XƏBƏRLƏR

Hər bir zamanın özünəməxsus xüsusiyyətləri olur. Müharibə və işğal dövründə isə bircə arzu, istək var: düşməni məhv edib torpaqları azad etmək. Bu mənada son onilliklər boyu Azərbaycan insanı mənfur erməni vandallarını müqəddəs yurd yerlərimizdən qovub çıxarmaq, onları məhv etmək arzularını daim büruzə verirdi. Müxtəlif vaxtlarda təxribatlara əl atan düşmən növbəti təxribatının qurbanı oldu, canlı qüvvə və silah - sursatını itirərək biabırçı şəkildə təslim oldu. Bu mübarizədə qəhrəmanlıqla döyüşən oğullardan biri də Boz qurd ləqəbli Əmirov İlqar Balakişi oğludur. Əslən Şuşalı olan İlqar 25 dekabr 1987-ci ildə Xankəndidə doğulub. İşğalla əlaqədar olaraq 1992-ci ildə Ağcabədi rayonunda, Ü.Hacıbəyov küçəsində məskunlaşıb,1994-cü ilin sentyabrında 2 saylı məktəbin 1-ci sinfinə qəbul olunub, 7 ci sinifdən sonra isə Şuşa məktəbində təhsilini davam etdirib.

2006-ci ildə həqiqi hərbi xidmətə çağrılıb, 2008-ci ildə tərxis olunduqdan sonra avtomobil ustası işləyib.

İ.Əmirov döyüş yolu haqqında danışaraq bildirdi ki, Polad Həşimovun şəhid olmasından sonra biz 41 nəfər könüllü olaraq Səfərbərlik və çağırış üzrə xidmətin Ağcabədi rayon şöbəsinə yazılıb orduya göndərilməyimizi tələb etdik. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı 29 sentyabrda şöbədən bizə məlumat verdilər,  ayın 30-da həmin 41 nəfər Beyləqanda olduq. Bizdən başqa da xeyli könüllü vardı, yəni cəmi 216 nəfər. Biz general Mais Bərxudarovla görüşdük. O dedi ki, Azərbaycanın qeyrətli oğulları sizinlə fəxr edir və sizə Qarabağ qartalları adı verirəm. Oktyabr ayının 1-də Qaraxanbəyli istiqamətində döyüşə başladıq. Hara addım atırdımsa torpaqla danışır, təmas qururdum. Döyüş dostlarım Həziyev Xəyal şəhid oldu, Usubov Tural, Qurbanov Elvin, Puri Talıb, İsmayılov Təbriz, Zeynallı Fərid və başqaları ilə birlikdə Qaraxanbəyli istiqamətindən Merdinliyə hücum etdik. Qarşımıza iki tank çıxıb bizə mərmi atdı. Sol tərəfimizdə bizim kəşfiyyatçılar məlumat verdilər, tanklar vuruldu. Bizi gecə kapitan Samir hissələrə bölüb hücum əmri verdi məni 7 əsgərə komandir təyin etdi. İlk hücumda bir şəhid verdik, onu Fərid gətirdi. Lakin hücum davam etdirildi, postu aldıq və məşhur 40 metrlik beton səddə çatdıq. Kapitan Samir və rabitəçi şəhid oldular. Burada yaralandım və Əhmədbəyli hospitalına göndərildim, 2 gün sonra oktyabrın 6-da qayıdıb Füzuli-Xocavənd istiqamətində, donuz fermasının yanında döyüşə qatıldım. 20 günlük döyüşdən sonra bizi Ağcabədiyə gətirib ştat üzrə böldülər. Burada hərəyə bacardığı sahəyə görə silahlar verdilər. Həmin vaxta qədər avtomat silahla tank, top, raket və qradın üstünə gedirdik. Buradan bəzilərini Şuşaya, mən olan dəstəni isə Qubadlıya göndərdilər. Düşmən 120 mm-lik minamyotla atəş açırdı. Noyabr ayının 7-də yaxınlığımda partlayan mərmi məni ağır yaraladı. Bir gün Beyləqanda qaldıqdan sonra Bakıya Mərkəzi Hərbi Hospitala göndərildim və üç ay müalicə alib tərxis olundum. Hərbi hissə komandirləri tərəfindən 5 Fəxri Fərman almışam. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşam. Bu gün də döyüşə hazıram. Mənim üçün ölüm onda olardı ki, Azərbaycanda, Qarabağda müharibə olardı, mən evimdə oturub televizordan, saytlardan baxardım.

İsa Musayev

Oxşar xəbərlər