Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus keçirdiyi brifinqdə bildirib. O, ÜST-nin vəziyyəti izləyəcəyinə söz verib və 2023-cü ildə COVID-19 pandemiyasına son qoymağın mümkün olacağına ümid etdiyini ifadə edib.
O bildirib ki, COVID-19 ilə bağlı hazırkı epidemioloji vəziyyət həyəcan doğurur. Xüsusilə Şimal qütb regionlarında virusun sürətlə ötürülməsi müşahidə olunur. ÜST başçısının sözlərinə görə, bu gün “BA.2 “omikron”un ştamlarının rekombinantı” olan koronavirusun yeni XBB.1.5 alt növü sürətlə yayılır.
ÜST başçısı qeyd edib ki, omikron XBB.1.5 ilk dəfə olaraq 2022-ci ilin noyabr ayında aşkar edilib. Hazırda o dünyanın 29 ölkəsində dövr edir və bəzi regionlarda onun yayılması sürətlə artır.
ÜST nümayəndəsi Mariya Van Kerkxove deyib ki, bəzi Avropa ölkələrində və ABŞ-ın şimal-şərqində XBB.1.5 artıq digər dövr edən alt variantları əvəzləyib.
“ÜST bu variantı diqqətlə izləyir, riskləri qiymətləndirir və bu barədə məlumat verəcək. COVID-19, çox güman ki, müzakirə üçün əsas mövzu olaraq qalacaq, lakin mən inanıram və ümid edirəm ki, müvafiq səylərin olduğu təqdirdə bu il ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətin rəsmən başa çatması ili olacaq”, – deyə ÜST başçısı vurğulayıb.