12.03.2025, 19:47
AZ EN
20.12.2022, 15:00 458

Biz nağıl əvəzinə bu dəhşətli həqiqətləri eşitmişik

XƏBƏRLƏR
  • Faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası bir həftədən artıqdır ki, davam edir.

Bu aksiya dinc xarakterlidir. Məqsəd sülhməramlılarla qarşı-qarşıya gəlmək deyil. Aksiyanın əsas məqsədi Azərbaycanın suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şərait yaradılmasına nail olmaqdır. Etirazçılar təbii sərvətlərimizin talanmasının, ekoloji çirklənməsinn dayandırılmasını tələb edirlər.

Tanınmış yazıçı, ssenarist Yeganə Kərimzadə ilə söhbətimiz də dinc etiraz aksiyası barədə oldu.

-Yeganə xanım bildiyimiz kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni quldurlarının milli sərvətlərimizin istismarının dayandırılması ilə bağlı vətəndaş cəmiyyəti təşkilatı, QHT nümayəndələri, ekoaktivistlər, könüllü gənclər və jurnalistlər Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirirlər. Dekabrın 12-dən başlayan aksiya bu günə kimi davam etməkdədir. Bununla bağlı fikrinizi bilmək istərdik. 

-Əsrlər boyu Azərbaycanımızın milli sərvətləri yadellilər tərəfindən talan olub və təəssüflər olsun ki, bu, hələ də davam etməkdədir.

Bu aksiya xalqına, dövlətinə, torpağına sahib çıxan xalq birliyidir. Hadisələri video görüntülərdən və xəbərlərdən izləsəm də özümü mənən onların yanında hiss edirəm, ürəyim onlarla bir döyünür.

Bir qadın və ana kimi müharibəyə yox desəm də, düşmənin bizə uzanan əlinin kəsilməyini ürəkdən istəyirəm. Milli sərvətlərimiz vətənimizin bu günü və gələcəyidir. Vətənin hər daşına, torpağına sahib çıxan gənclərimizin yanındayıq. Onlara bu yolda məqsədlərinə çatmağı, məsələnin həllində istənilən nəticəyə gəlməyi arzulayıram.

-Son günlər sözügedən yerdən  birbaşa canlı yayımları izləyik. Bəzi aksiya iştirakçıları ermənilərlə birgə yaşamaqdan, qonşuluq əlaqələrindən söhbət açırlar. Sizcə, bu mümkündürmü?

-Mənim  ailəm – babam və böyük bir nəsil 48-53-cü illərin deportasiyasını yaşayıblar. Qohum-əqraba bir-birini bu köçürülmə (sürgün) vaxtı itiriblər. Ölüb-itənlərin sayı isə yüzlərlədir. Gözümü açandan bu söhbətlərin şahidi olmuşam. Biz  nağıl əvəzinə bu dəhşətli həqiqətləri eşitmişik. 1988-ci ildə bu tarixi bir daha yaşadıq. Yox! Mən xain qonşu ilə barışığa inanmıram. Onlar pusquya yatıb, güclənib həmlə etməyə alışıblar. Bizim onlarla sərhədimiz beton hasarlarla bağlansa yaxşıdır.

Bir daha bu qarda, çovğunda mərdlik, cəsarət nümayiş  etdirərək dinc etiraz aksiyası keçirən vətənpərvər gənclərimizi ürəkdən alqışlayır, haqlı tələblərimizin yerinə yetirilməsini arzulayıram. Birliyimiz əbədi olsun!

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər