25.04.2025, 09:03
AZ EN
09.12.2022, 07:00 437

“Qədim Şuşa” sənədli filmi növbəti dəfə tamaşaçılara təqdim edilib

XƏBƏRLƏR
  • Dekabrın 8-də Bakıda Gəncliyə Yardım Fondunun ofisində “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə “Qədim Şuşa” sənədli filminin təqdimat mərasimi keçirilib.

Mərasimi “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu açıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Ş.Sabiroğlu “Şuşa İli” çərçivəsində çəkilən “Qədim Şuşa” sənədli filmini maliyyələşdirdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinə və Agentliyin İcraçı direktoru xanım Aygün Əliyevaya birliyin fəalları adından təşəkkür bildirib.

Daha sonra filmə baxış keçirilib.

Filmə baxışdan sonra Şuşa Rayon İcra Hakimiyyətinin şöbə müdiri, qazi Elxan Ələkbərov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “rupor.az” saytının baş redaktoru Ceyhun Musaoğlu, Dünya Ahısha Türkləri Birliyinin Azərbaycan üzrə təmsilçisi Gülnarə Salayeva, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəalları - Firdus Əhmədov, Ayna Allahyarqızı və Aynurə Rüstəmova, tanınmış ictimai xadim Vidadi Turablı və başqaları çəkiliş qrupuna tarixi filmə görə minnətdarlıq ediblər. Çıxışlar zamanı vurğulanıb ki, 2022-ci ildə 270 yaşı tamam olan Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələrinin xalqımıza bir hədiyyəsidir.

Tanınmış aparıcı-müğənni İslam Ələsgərli Vətənə, torpağa və Silahlı qüvvələrə həsr edilən mahnıları ifa edib.

Mərasim iştirakçıları həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Ayna RÜSTƏMOVA,

Azərbaycan Dövlət Pedaqoji Kollecinin III kurs tələbəsi,

Foto Ədalət Mehdiyevindir.

Oxşar xəbərlər