29.03.2024, 16:15
AZ EN
06.12.2022, 11:12 435

Bəy otağına şəhid kimi gəldi

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan ordusunun giziri, şəhid Rüfət Füzuli oğlu Əliyevin doğum günüdür. O, 1992-ci il dekabr ayının 6-da Bakı şəhərində anadan olub. Orta təhsilini 1999-2010-cu illərdə Bakının Xətai rayonundakı 27 saylı məktəbdə alan Rüfət 2014-cü ildə Azərbaycan Kooperasiya Üniversitetində İstehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə ali təhsil alıb. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.

Anası Məlahət Məmmədova deyir ki, Rüfət hərbi xidmətini kəşfiyyat bölüyündə başa vurdu,  ali təhsil aldı, çalışdı. Ancaq özünü heç bir yerdə tapa bilmirdi, hərbçi olmaq onun uşaqlıq arzusu idi. Nəhayət, 2020-ci ildə Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölüyündə işə başlamışdı. Rüfətin aldığı təhsil onun qısa müddətdə hərb sənətinin incəliklərinə yiyələnməsinə kömək etdi.

2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən Rüfət də döyüşlərə qatıldı. Füzuli və Cəbrayılın bir sıra yaşayış məntəqələrinin azad olunmasında yaxından iştirak etdi. O, təkcə savaşmırdı, həm də döyüşlərdə yaralanan  yoldaşlarına kömək edir, onları güllə altından çıxarırdı. Zəngilan şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə isə Rüfət şəxsi fədakarlıq göstərərək xeyli düşmən əsgərini məhv edib.
Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra İranla dövlət sərhədinin təhlükəsizliyini təmin etmək üçün Ermənistanla dövlət sərhədində yerləşən strateji yüksəliklərin azad olunması mühüm əhəmiyyət daşıyırdı. Gizir R.Əliyevin də qatıldığı gərgin döyüşlərin nəticəsində həmin yüksəkliklər düşməndən azad edildi. Azərbaycanın böyük Zəfərinə bircə gün qalmış, noyabr ayının 7-də dövlət sərhədinin üzərində yerləşən yüksəklik uğrunda gedən ağır döyüşdə gizir Rüfət Əliyev qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı.
Ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. 8 noyabr – möhtəşəm Zəfər günündə  Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında böyük bir ehtiramla dəfn edilib.

“30 ilə yaxın düşmən əsarətində qalan torpaqlarımızı Rüfət kimi mərd oğullar öz canı, qanı bahasına geri qaytardılar. Üstümüzdən o məğlub ad götürüldü, dəmir yumruğumuz yenə də onların üstündədi. Şəhidsiz də qələbə olmaz”. Bunu igid oğlumuzun qəhrəman anası söyləyir. Atası Füzuli Əliyev də oğlu ilə qürur duyur. Deyir ki, mən bilirdim oğlum şəhid olacaq. Amma anasına demirdim. Çünki Rüfət Vətən uğrunda şəhid olmağa can atırdı. Tanıyanlara da demişdi ki, mən şəhid olmağa gedirəm...

Doğma Vətən üçün canından keçən qəhrəmanımız gizir Rüfət Əliyev nişanlı idi. Onun bütün toy tədarükü görülmüşdü. Ancaq Rüfət bəy otağına üçrəngli bayraqla bəzənmiş şəhid tabutu ilə gəldi...

Öz gənc ömrünü gözünü qırpmadan Vətənə, bizə bağışlayan şəhidim, cənnətdəki doğum günün mübarək!

Mina RƏŞİD

Oxşar xəbərlər