20.10.2024, 01:47
AZ EN
15.11.2023, 12:26 355

Şuşada tarix yazan oğul

XƏBƏRLƏR
  • Samir kitab oxumağı, mütaliəni çox sevirmiş. Bəlkə də oxuduğu əsərlərdə tarixi qəhrəmanlar ona əlçatmaz insanlar kimi görünürmüş. Amma bilmirdi ki, bir gün özü də Azərbaycanın Şanlı Zəfər qazandığı ədalət yürüşündə iştirak edərək qanıyla tarix yazan bir oğul kimi adını  kitablara həkk edərək gələcək nəsillərə örnək olacaq...  

İkinci Qarabağ Müharibəsinin qəhrəman şəhidi, XTQ-in əsgəri Samir Hüseynov 1994-ci il noyabrın 15-də Lerik rayonunun Vov kəndində anadan olub. 2001-ci ildə birinci sinifə qədəm qoyduğu şəhid Rakif Babayev adına Vov kənd 9 illik natamam orta məktəbində təhsil alıb. 2013-cü ilin yanvar ayında hərbi xidmətə yollanıb. Gəncədə yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2014-cü ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra Rusiyaya gedərək bir müddət orada çalışıb. Yenidən Azərbaycana dönən Samir 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri Samir Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb. Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.

Düşmənə sarsıdıcı zərbələr endirən Samir Hüseynov 2020-ci il noyabrın 9-da Şuşada qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla doğma Lerikdə torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Samir Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü  dərəcəli “Vətənə xidmətə görə” ordeni  ilə təltif edilib.

Bu gün qəhrəman şəhidimiz Samir Hüseynovun doğum günüdür. Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman oğul!

Mina RƏŞİD

Oxşar xəbərlər