25 yaşlı Rauf Abdullayev Vətən müharibəsi qazisidir. Torpaqlarımızı azad görmək amalı ilə könüllü olaraq ordu sıralarına yazılan qəhrəmanımız müharibədə qolundan və sinəsindən ağır yaralanıb. İkinci dərəcəli müharibə əlilidir. Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib və bir çox kəndlərin alınmasında fəal iştirak edib.
O, “Real” TV-yə müsahibəsində qeyd edib ki, oktyabrın 5-də Füzuli istiqamətində gedən döyüşlərdə hücuma keçdiyimiz vaxt yaralanmışam. Məni döyüş zonasından yoldaşlarım çıxarıb. Həmin uşaqlardan biri də Ramazandır ki, bu günə qədər onunla dostluğumuzu davam etdiririk. Rauf sonra əlavə edib ki, güclü qanaxmam var idi. Güllələrin ardı-arası isə bir an belə kəsilmirdi, başımıza güllələr yağa-yağa Ramazan məni ordan çıxardı. Qolumun arxa tərəfindən yaralanmışdım, bir neçə yerdən qırıq və sınıqlar vardı. Başımdan ağır zədə almışam, sol gözümdə və qulağımda isə zəiflik var. Hal-hazırda qolumu tam işlədə bilmirəm, bu mənə çətinlik yaradır... Bunlar hamısı boş şeylərdir. Yəni, əlim də, gözüm də, qolum da hamısı Vətənə qurban olsun!. Mən Vətəni canımdan çox sevdiyim üçün gedib könüllü yazıldım. Yəni, orda ölümü də gözə almışdım. Günü bu gün Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında bir əmr, göstəriş verilərsə, yenə qanım, canım bahasına gedib döyüşməyə hazıram. Bu birmənalı şəkildə belədir.
Qeyd edək ki, Rauf hazırda “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində nəzarətçi olaraq çalışır. Qazilərin sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması çərçivəsində 3 otaqlı mənzillə təmin edilib. Hazırda ailəsi ilə birlikdə burada yaşayan Rauf Abdullayev ölkəmizdə qazilərə həm dövlət, həm xalq, həm də ayrı-ayrı özəl şirkətlərdən daim diqqət və qayğı göstərildiyini deyir:
-Çox sağ olsunlar, reablitasiya mərkəzlərində, istirahət yerlərində bizim həm müalicəmiz, həm də istirahətimiz üçün gözəl şərait yaradılıb. Sosial Xidmətlər Agentliyinin Nərimanov rayon şöbəsi var, biz ora yaxınlaşdıq, orda xəstəxanada bir aya yaxın həm dincəlib, həm reablitasiya müalicəsi, həm də psixoloji müalicə alırıq.
Qeyd edək ki, Rauf Abdullayev “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ