Hərb tariximizin şanlı səhifələrindən olan Aprel döyüşlərinin altıncı ildönümü ilə əlaqədar Cocuq Mərcanlı kənd məktəbində “Aprel Zəfəri - Qələbəyə gedən yol” adlı tədbir keçirilib.
Məktəb kollektivi əvvəlcə Füzuli rayonu ərazisində ucaldılan “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb. Sonra kollektiv üzvləri Aprel döyüşlərinin şəhidi Orxan Həmidovun ailəsi ilə görüşüb və şəhidin məzarını ziyarət edib.
Sonra tədbir məktəbdə davam edib. Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Zamin Həziyev çıxış edərək bildirib ki, 2016-cı ilin uğurlu Aprel döyüşləri ordumuzun rəşadətini və qüdrətini göstərdi. Məhz bu qələbə Vətən müharibəsində qazandığımız Zəfərin başlanğıcı, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi idi.
Zamin Həziyev tədbirdə iştirak edən şəhid Orxan Həmidovun anası Tamella Məmmədovaya dəvəti qəbul edib gəldiyi üçün təşəkkürünü bildirərək vurğulayıb ki, şəhidlərimizi daim xatırlamalı, onları unutmamalıyıq.
Tədbir şagirdlərin hazırladığı “Qəhrəman Orxan” kompozisiya ilə davam edib.
Şəhid anası Tamella Məmmədova Vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərə Uca Allahdan rəhmət diləyib, qazilərə cansağlığı arzulayıb. (AZƏRTAC)