Qeyd edək ki, Sülh və İnkişaf Naminə Dünya Elm Gününün builki mövzusunda dayanıqlı inkişaf üçün fundamental elmlərin rolu əsas götürülüb.
Azərbaycan da elm və təhsil sahəsində mühüm nailiyyətlər qazanıb. Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə ardıcıl dəstək göstərilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi aktual məsələlərdəndir. Azərbaycanın milli məhsuldar elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması müvafiq istiqamətdə nailiyyətlərin genişləndirilməsinə münbit şərait yaradır.
Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı ölkəmizdə yeni islahatlara yol açıb. Bu Fərman elmimizin idarəedilməsinin təşkilinin səmərəli qurulmasına geniş imkanlar yaradır. Dövlətimizin başçısının 2022-ci il 15 oktyabr tarixli Fərmanı ilə “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. Məqsəd elmi fəaliyyətin inkişafının, elmin müxtəlif sahələrində aparılan elmi araşdırmaların səmərəliliyinin artırılması, o cümlədən elmi tədqiqatların stimullaşdırılmasının təmin edilməsi, bu sahədə dövlət dəstəyinin və dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsidir.
Arzu edək ki, bu əlamətdar günün mahiyyətində olduğu kimi, dünyada elm və onun yüksək inkişafı dövlətlər arasında ədavətə, müharibəyə deyil, sülhə və əmin-əmanlığa xidmət eləsin.
Mina RƏŞİD