"Vətən səsi" xəbər verir ki, Cəlilabad rayonundan olan Mahir Quliyev 1992-ci ilin yazında Ağdərə rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub. Lakin onun nəşini döyüş meydanından çıxarmaq mümkün olmadığından indiyədək itkin hesab edilirdi. Həmin döyüş əməliyyatlarında iştirak etmiş silahdaşlarının bələdçiliyi ilə işğaldan azad edilmiş ərazidə aparılan axtarış tədbirləri nəticəsində şəhidin nəşi tapılaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub.
Müvafiq ekspertiza prosedurlarından sonra şəhidin şəxsiyyəti dəqiqləşdirilib, nəşin Quliyev Mahir Abuzər oğluna məxsus olduğu təsdiqlənib və bu barədə ailəsinə məlumat verilib.
Otuz üç il əvvəl şəhid olan Mahir Quliyevin nəşi bu gün Cəlilabad rayonunda torpağa tapşırılacaq.
Xatırladaq ki, 1958-ci il təvəllüdlü Mahir Quliyev könüllü olaraq döyüşlərə qatılıb. İki qızı və bir oğlu olan şəhid 1992-ci ilin 15 iyununda Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
Elxan SALAHOV