Quruyan torpağı qanları ilə yudular! Düşmənin gülləsi önündə candan səd qurdular! İgidlər azad edib Qarabağı düşməni ürəyindən vurdular, Şəhid oldular! Vətənə, yurda yollar göründü, Qarabağ üç rəngli bayrağa büründü!.. Taxt qurub cənnətə döndü, Şəhidlər!
Qardaşı qalib Ordunun əsgəri kimi, özü isə üç rəngli bayrağımıza bükülərək döndü evinə. Söhbət Vətən müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı Nicat Mənəfovdan gedir.
Qax rayonunun Qaradolaq kəndindən olan Nicat məktəb illərindən vətənpərvərliyi, bayrağa və torpağa sevgisiylə seçilib. O, məktəb illərində yaşıdlarından nizam-intizamlı, ağıllı olması ilə seçilib. Nicat 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb və sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüşlərə qatılıb. Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə şücaəti ilə seçilib. Qardaşı Azər Mənəfov da könüllü olaraq döyüşlərdə iştirak edib. Ayrı-ayrı bölgələrdə olsalar da, Nicat tez-tez qardaşı ilə əlaqə saxlayaraq işğaldan azad edilmiş döyüş məntəqələrinin müjdəsini ona verib. Sonuncu zəng zamanı görüşməyi planlaşdırsalar da bu mümkün olmayıb. Nicat Mənəfov noyabrın 4-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhidliyin zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” , “Xocavəndn azad olunmasına görə” medalları ilə təltif edilib.
O, doğma Qaradolaq kənd qəbristanlığında böyük ehtiramla dəfn edilib.
Qax şəhər Tofiq İsmayılov adına 5 saylı orta məktəbin 7 b sinifi hazırda şəhidimiz Nicat Mənəfovun adını daşıyır.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Tahirə AĞAMİRZƏ