Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşərək şəhid olan Araz Hilalovun doğum günündə xatirəsi yad edilib. Şəhidin Füzuli rayonu Bala Bəhmənli kəndində məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Şəhid Hilalov Araz Elbrus oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, "Etika Akademiyası"nın Qarabağ üzrə nümayəndəsi, məktəb kollektivi, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak edib.
Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlar zamanı Araz Hilalovun qəhrəmanlığından, Vətənə olan sevgisindən danışılıb. Bildirilib ki, Araz Hilalov 1979-cu il aprelin 1-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub.
1997-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 1999-cu ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra mülki işdə çalışsa da, Vətən sevgisi Arazı yenidən ordu sıralarına qaytarıb. O, 2014-cü ildən könüllü olaraq Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəyə təyinat alıb və müddətdən artıq hərbçi kimi Vətənin keşiyində dayanıb. Araz 2016-cı il Aprel döyüşlərində iştirak edərək şücaəti ilə seçilib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Araz Hilalov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ilk döyüşə gedənlərdən olub. Cəbhənin yarılmasında və bir sıra yaşayış məntəqələrinin azad olunması uğrundakı döyüşlərdə Araz da qəhrəmancasına vuruşub. Araz Hilalov oktyabrın 5-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Hilalov Araz Elbrus oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. (AZƏRTAC)