05.08.2025, 15:56
AZ EN
05.08.2025, 09:39 215

İndi ən böyük arzum balama qovuşmaqdı...

XƏBƏRLƏR
  • “Rəvanım uşaqlığından hamının yadında gözəl qaldı. 19 il şərəfli ömür yaşadı balam. Mənim Rəvanımla bağlı çox arzum vardı. Deyirdi ki, gəlib evimizi tikməyə kömək edəcəm. Amma indi ən böyük arzum balama qovuşmaqdı”. Rəvanın anası ondan danışdıqca gah göz yaşlarına qərq olur, gah da gülümsəyir. 19 yaşlı balasından bir ana necə danışar axı? Kasıb bir ailədə dünyaya gəlib Rəvan, bircə qardaşı var. Anası deyir ki, həmişə bu evdə şair demişkən, biri vardı, biri yox. Amma əsl dərd balamızdan ayrı qalmaqdı. Yeganə təsəllimiz onun şəhidliyi, torpaqlarımızın azadlığı uğrunda qurban getməsidi, Vətən sağ olsun...     

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Rəvan Asif oğlu Bünyadlının doğum günüdür. O, 5 avqust 2001-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. Rəvan orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdı.
Azərbaycan Ordusunun əsgəri olan Rəvan Bünyadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rəvan Bünyadlı sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun yaxınlığında şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla doğma kəndlərində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafi sərəncamlarına əsasən Rəvan Bünyadlı ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Rəvan balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər