Qeyd edək ki, roman 44-günlük Vətən müharibəsi şəhidi, tank komandiri, leytenant Murad Nağıyevin həyatı, döyüş yolu və məktubları əsasında qələmə alınıb.
Tədbir torpaqlarımızın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Murad Nağıyevin həyatı, hərbi təhsili, döyüş yolu və vətən müharibəsində göstərdiyi şücaətlər haqqında məlumat verilib.
Təqdimatda kitabın müəllifi yazıçı İlqar Kamil, şəhidin qardaşı Orxan Nağıyev, Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü Əli Zeynallı çıxış edərək kitabdan Murad Nağıyevin məktublarını səsləndiriblər. Onu da deyək ki, bu məktublar şəhidin Vətənə, anasına, dostuna, sevdiyinə və şəhidlik zirvəsinə həsr olunub.
Çıxışlarda Muradın həm cəsur zabit, həm də həssas qəlbli, istedadlı bir insan, şair olduğu xüsusi vurğulanıb. Muradın qəhrəmanlığı, özünəməxsus xarakteri və şeirləri haqqında fikirlər səsləndirilib. Müəllifin əsərdə Muradın həyatı və şəxsiyyətinə səmimi yanaşması xüsusi qeyd olunub.
Tədbirdə şəhidimizə həsr edilmiş videoçarx da nümayiş etdirilib.
Yazıçılar Birliyinin katibi, yazıçı, tərcüməçi Səlim Babullaoğlu və professor İlham Pirməmmədov da kitab haqqında düşüncələrini paylaşıblar. Onlar şəhidimizin vətənpərvərlik ruhunu və ədəbi irsini gənclərə çatdırmağın əhəmiyyətini vurğulayıblar.
3 saylı UGİM-in “Çiçəyim” uşaq teatrının və “Azəri inciləri” vokal qrupunun gənc istedadları şeir və musiqi nömrələri ilə tədbirdə iştirak ediblər.
Sonda Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova şəhid Murad Nağıyevin ailə üzvləri, şəhid ailələri və tədbirdə iştirak edən digər qonaqlara göstərdikləri diqqət və iştiraka görə minnətdarlığını bildirib.
Sonra müəllif oxucular üçün kitabını imzalayıb.
Mina RƏŞİD