07.02.2026, 17:40
AZ EN
07.02.2026, 10:19 157

Bu gün şəhid Elçin İsmayılovun doğum günüdür

XƏBƏRLƏR
  • Elçinin anası deyir ki, istərdim, şəhid anaları mənim kimi dözümlü olsunlar. Amma bunu deyərkən səsi titrəyir, gözləri dolur... Ana igid övladı ilə qürur duyur. Elçin kimi oğulların qanı bahasına alınmış o doğma torpaqları gedib görmək istəyir. Şuşanın adı çəkiləndə qəlbi dağa dönür...    

Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Elçin Mikayıl oğlu İsmayılovun doğum günüdür. O, 7 fevral 1991-ci ildə İmişli şəhərində anadan olub. 1997-ci ildə şəhərin 7 saylı məktəbinin 1-ci sinfinə daxil olub. 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2009-cu ilin aprel ayında hərbi xidmətə yollanıb. Elçin Tovuz rayonunun Ağdam kəndində Vətənə xidmət edib. İxtisasca snayper olub. 2018-ci ilin dekabr ayından yenidən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirməyə başlayıb.

Azərbaycan Ordusunun MAXE əsgəri olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak edib. Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Laçın, Qubadlı və Şuşa uğrunda döyüşlərdə mərdliklə vuruşub.

Elçin İsmayılov 4 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elçin İsmayılov ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər