11.10.2025, 01:53
AZ EN
30.09.2025, 10:00 247

Bu gün şəhid Rəşad Mikayılzadənin doğum günüdür

XƏBƏRLƏR
  • Rəşad ata-ananın yeganə övladı idi. Ali təhsil aldıqdan sonra hərbi xidmətə yollanmışdı. Hərbi xidmətdə olarkən Vətən müharibəsi başladı. Evin yeganə övladı kimi onu müharibəyə aparmaq istəməsələr də Rəşad könüllü cəbhəyə getdi. Müharibənin sonunadək döyüşdü. Axırda Şuşada öz komandirini xilas edərkən düşmən gülləsinə tuş gəldi. Ata-anası bu ayrılığa görə müsibətlər yaşadı. Sonra onlara İlahi hədiyyə kimi Rəşadın bacısı dünyaya gəldi və ona soyadı kimi qəhrəmanın adı verildi. Atası Şuşada olarkən oğlunun qoxusunu aldı və söylədi ki, sanki Rəşadla görüşdüm...   

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Rəşad İlham oğlu Mikayılzadənin doğum günüdür. O, 30 sentyabr 1995-ci ildə Bakıda doğulub, əslən Lerik rayonundandır. İbtidai təhsilini Bakı şəhəri, Nəsimi rayonu, 240 nömrəli tam orta məktəbdə alıb, 5-ci sinifdən Sabunçu rayon 311 nömrəli məktəbdə oxuyub, 2013-cü ildə həmin məktəbin məzunu olub. 2017-ci ildə isə Rəşad Sumqayıt Dövlət Universitetini bitirib. Ali təhsilini bitirdikdən sonra Qazaxda həqiqi hərbi xidmət edib və həqiqi hərbi xidmətinin başa çatmasına bir neçə ay qalmış Vətən müharibəsi başlayıb. Rəşad könüllü olaraq Vətən müharibəsinə gedib.

Beləliklə, sentyabrının 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü əsgər kimi iştirak edib. Füzulinin, Şuşanın, Hadrutun, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə cəngavər kimi vuruşub.

Rəşad Mikayılzadə 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəşad Mikayılzadə ölümündən sonra "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidimiz 2015-ci ildə ölkəmizdə keçirilən I Avropa Oyunlarının könüllüsü olub. Üzərinə düşən vəzifələri vaxtında və layiqincə yerinə yetirib. Avropa Oyunları zamanı göstərdiyi nümunəvi könüllü xidmətə görə mükafatlandırılıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər