Fəaliyyət göstərdiyi dövr ərzində Dövlət Komitəsi ailə institutunun möhkəmləndirilməsi, qadınların səlahiyyətləndirilməsi və gender bərabərliyinin təşviqi, eyni zamanda uşaq hüquqlarının qorunması istiqamətində dövlət siyasətinin ardıcıl icrasını həyata keçirib. Bu dövrdə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması və dövlət proqramlarının həyata keçirilməsi əsas fəaliyyət istiqamətlərindən olub. Eləcə də Azərbaycanın müvafiq sahədə müsbət təcrübəsi BMT-yə təqdim edilən hesabatlar, həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə imzalanmış memorandumlar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
Komitə tərəfindən məişət zorakılığına qarşı mübarizə, qadınların ictimai və sosial fəallığının gücləndirilməsi, erkən evliliyin qarşısının alınması, uşaqların müdafiəsi və iştirakçılığının artırılması, həmçinin icmalarla iş sahəsində çoxsaylı layihələr və maarifləndirici tədbirlər reallaşdırılıb.
Dövlət Komitəsi ailə, qadın və uşaq siyasətinin inkişafı, müasir çağırışlara uyğun yeni mexanizmlərin tətbiqi və insan hüquqlarına əsaslanan yanaşmanın gücləndirilməsi istiqamətində fəaliyyəti məqsədyönlü şəkildə davam etdirir. Ölkəmizdə həyata keçirilən insan mərkəzli siyasəti əsas götürərək, cəmiyyətin dayanıqlı inkişafına xidmət edən təşəbbüslərlə gələcəyə inamla addımlamaq əsas hədəf olaraq qalır.
Hazırladı: Mina RƏŞİD