27.01.2026, 18:14
AZ EN
27.01.2026, 16:17 119

Rəsullular nəslinin tarixi bir kitabda: “Soyumuz, kökümüz, özümüz”

XƏBƏRLƏR
  • Əslən Göyçə mahalının Daşkənd kəndindən olan, tanınmış şair, tədqiqatçı və araşdırmaçı-yazar Araz Yaquboğlunun yeni kitabı işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çap olunan “Soyumuz, kökümüz, özümüz” adlı bu irihəcimli ensiklopedik nəşr Qərbi Azərbaycanda yaşamış məşhur Rəsullular nəslinin zəngin və keşməkeşli tarixini əhatə edir. Uzun illərin araşdırmalarının nəticəsi olan kitab həm bir nəslin taleyini, həm də bütövlükdə xalq tarixinin müəyyən mərhələlərini özündə ehtiva edən mühüm mənbə kimi diqqət çəkir.

Araz Yaquboğlu kitabın yaranma prosesi barədə bildirir ki, uzun müddət apardığı tədqiqatlar nəticəsində Rəsulluların keçmişini, dünənini və bu gününü sistemli şəkildə toplamağa nail olub. Müəllifin sözlərinə görə, nəşrdə nəsil tarixinin müxtəlif dövrlərinə aid arxiv sənədləri, rəsmi müraciətlər, teleqramlar və xahişnamələr yer alıb. Xüsusilə, nəsil qəhrəmanları olan Məşədi Qasım və onun əmisi Hacı Balının hələ 1919-cu ildə Azərbaycan hökumətinin baş naziri adına ünvanladıqları müraciətlər kitabda ilk mənbə kimi təqdim olunur. Bu sənədlərin bir qismi vaxtilə 1918–1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetində də dərc edilib.

Kitabda Rəsullular nəslinin müharibələrdə göstərdiyi qəhrəmanlıq yolu da geniş şəkildə əksini tapıb. Tarixin ən qanlı savaşlarından biri olan İkinci Dünya müharibəsinə nəslin 15 nümayəndəsi qatılıb. Onlardan 6 nəfər döyüşlərdə həlak olub, 9 nəfər isə veteran kimi vətənə qayıdıb.

Sonrakı dövrlərdə baş verən Birinci və İkinci Qarabağ müharibələrində də Rəsullular nəslinin gəncləri silaha sarılaraq torpaqlarımızın müdafiəsində iştirak ediblər. Ümumilikdə 28 nəfər Qarabağ müharibəsinə qatılıb, onlardan 5-i şəhidlik zirvəsinə ucalıb. Nəslin ilk şəhidi Abbas Qasımov, kəndin ilk şəhidi isə Yasif Kərimov olub. Bu gün isə Rəsullular nəslinin yetirmələrindən biri – Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə də xalqımıza xidmət edən tanınmış simalar sırasındadır.

Nəşrdə Rəsullular nəslinin tarix boyu erməni təcavüzünə məruz qaldığı deportasiyalar da sənədlərlə təqdim edilir. Müxtəlif dövrlərdə Qərbi Azərbaycandan -1919-cu ildə 47 nəfərdən ibarət 10 ailə, 1953-cü ildə 88 nəfərdən ibarət 18 ailə, 1988-ci ildə isə 32 nəfərdən ibarət 5 ailə öz doğma yurdlarından zorla köçürülüb. Bu faktlar kitabda geniş şəkildə şərh olunaraq tarixi kontekstdə oxucuya təqdim edilir.

408 səhifəlik kitabda ümumilikdə 200-ə yaxın şəxs haqqında bioqrafik məlumat, 250-dən çox fotoşəkil yer alıb. Burada 1 general, 9 rəhbər işçi, 3 alim, 21 müəllim, 8 din xadimi, 2 Qəhrəman ana, 7 uzunömürlü insan, 43 müharibə iştirakçısı, 13 şair və müxtəlif sahələrdə çalışan yüzlərlə şəxs barədə məlumat verilir. Bu da kitabı təkcə nəsil salnaməsi deyil, eyni zamanda sosial-tarixi ensiklopediya səviyyəsinə yüksəldir.

Kitabın əsas özəyini təşkil edən nəsil şəcərəsi isə 75 səhifəlik ayrıca bölmədə təqdim olunub və təxminən 1838-ci ildən günümüzə qədər olan dövrü əhatə edir.

Araz Yaquboğlu qeyd edir ki, bu araşdırmalar bununla bitmir və gələcəkdə daha qədim dövrlərə aid sənədləri də taparaq nəslin tarixini daha dərindən araşdırmaq niyyətindədir.

“Soyumuz, kökümüz, özümüz” kitabı təkcə bir nəslin deyil, bütövlükdə Azərbaycan xalqının tarixi yaddaşını yaşadan, keçmişlə bu gün arasında körpü yaradan dəyərli elmi-publisistik əsər kimi qiymətləndirilə bilər. Bu nəşr həm tədqiqatçılar, həm də öz köklərini tanımaq istəyən geniş oxucu auditoriyası üçün əhəmiyyətli mənbədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər