23.01.2026, 14:40
AZ EN
23.01.2026, 11:17 230

İsmayılla fəxr edirəm...

XƏBƏRLƏR
  • Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi İsmayıl David oğlu Mehdiyevin doğum günüdür.

O, 23 yanvar 2002-ci ildə Bakı şəhərində anadan olub. Əslən Zəngilan rayonunun Mincivan qəsəbəsindən idi. 2016-2019-cu illərdə Heydər Əliyev adına Hərbi Liseyin kursantı olmuşdu.  2019-cu ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alırdı. İsmayıl Mehdiyev kursant olduğu halda 2020-ci ilin mayından ərizə yazaraq təhsilini müvəqqəti dayandırıb cəbhə bölgəsində xidmət etməyə başlamışdı.

İsmayıl atasız böyümüşdü, daha doğrusu, atası onları tərk etmişdi. Anasının himayəsində boya-başa çatan. İsmayıl nadinc uşaq olsa da, çox cəld, zirək idi. Elə buna görə də o hərbçi olmaq istəyəndə anası etiraz etmədi. İsmayılın anası Zəngilanda doğulub böyümüşdü. Övladına Vətən sevgisi də elə anasından keçmişdi. İsmayıl qohumları arasında hərbi geyimli insanları çox görmüşdü. O hərbi məktəbdə oxuyanda özü könüllü olaraq cəbhə bölgəsində Vətənə xidmətə yollandı. Vətən müharibəsində mərdliklə döyüşən İsmayıl axırıncı dəfə noyabrın 1-də anası ilə danışdı. Torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan İsmayılın nəşi tapılmırdı. Nəhayət, onun mübarək nəşi dekabr ayında tapılaraq ailəsinə təhvil verildi.

Anası deyir ki, bir ana kimi övladımdan ayrılıq məni çox yandırır, ona nişan apara bilmədim, toyunu görmədim. Amma Vətən də anadır. “Ana Vətən” sözü elə-belə deyilmir ki... İsmayılla fəxr edirəm, Vətən sağ olsun!

Azərbaycan Ordusunun əsgəri olan İsmayıl Mehdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

 İsmayıl Mehdiyev 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb. Şəhidimizin mübarək nəşi 12 dekabr 2020-ci ildə tapılıb və İkinci Şəhidlər Xiyabanında böyik izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İsmayıl Mehdiyev ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə" medalları və "III dərəcəli Vətənə xidmətə görə " ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman İsmayıl balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər