Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq həyata keçirilən proqramın əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.
Proqram çərçivəsində könüllülərin Ağdam rayonu ərazisində müxtəlif könüllü fəaliyyətlərinə, o cümlədən mütəmadi olaraq Ağdamda keçiriləcək tədbirlərin təşkilində iştirak, Ağdama səfər edən yerli və xarici qonaqlarla iş, bərpa və yenidənqurma işlərinə dəstək, qayıdışa hazırlıq və məskunlaşmaya dəstək və Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunmaları nəzərdə tutulub.
Qeyd edək ki, 3 sentyabr 2022-ci il tarixində Bakı Konqres Mərkəzində baş tutan mətbuat konfransında “Qayıdış Könüllüləri” Proqramının təqdimatı zamanı 17 sentyabr 2022-ci il tarixinədək təhsil səviyyəsindən asılı olmayaraq, əslən Ağdam rayonundan olan hər bir gəncin qeydiyyatdan keçə biləcəyi vurğulanıb. Həmin tarixədək qeydiyyatdan keçmiş 1500-dən çox Azərbaycan Könüllüsü mərhələli şəkildə müsahibəyə dəvət olunublar. Müsahibə mərhələsini uğurla keçən könüllülər isə 4 gün davam edən təlimlərdə iştirak edib. 27-30 sentyabr tarixlərini əhatə edən təlim proqramının sonunda isə keçirilən imtahan məhələsindən uğurla keçən 20 nəfərdən ibarət Ağdam Könüllüsü 5 oktyabr tarixindən etibarən Ağdamın işğaldan azad edilən ərazilərində fəaliyyət göstərməyə başlayıb. (Trend)