19.12.2024, 20:01
AZ EN
27.10.2024, 13:07 220

Tanıyaq və tanıdaq

XƏBƏRLƏR

Şərəfli ömrün ali zirvəsində yaşamını davam etdirən Eynəddin Məmmədov

  • Eynəddin Məmmədov Əslən Qərbi Azərbaycandandır. Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, cəmiyyətimizdə böyük nüfuz və hörmət sahibi olan professor Eynəddin Hüseyn oğlu Məmmədov 1939-cu il sentyabr ayının 13-də  İrəvan şəhərində anadan olub.

Eynəddin müəllim şərəfli ziyalı ömrü yaşamış, uzun illər pedaqoji və elmi fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirdikdən sonra kənd məktəbində müəllim kimi fəaliyyətə başlayan Eynəddin Məmmədov Gəncə Tarix-ölkəşünaslıq muzeyində baş elmi işçi, indiki Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) buraxılan qəzetin məsul katibi, baş redaktoru, həmin təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı müəllimi, Dillər kafedrasının müdiri və bir sıra digər məsul vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. O, yüzlərlə elmi, publisistik, metodiki və müxtəlif yönlü məqalənin, portret-oçerkin, tədris proqramının, onlarla dərs vəsaitinin, monoqrafiya və kitabların müəllifidir, ADAU Dillər kafedrasının professorudur. “Ədəbiyyat və incəsənət” qəzetində, “Kitablar aləmində” və “Ulduz” jurnallarında, həmçinin müxtəlif qəzetlərdə mütəmadi olaraq maraqlı məqalələrlə çıxış edir.

Eynəddin Məmmədov 2018-ci ildə nəşr edilmiş “İrəvandan başlanan yol” adlı kitabında 36 il İrəvanın və quberniyanın Şeyxülislamı olmuş ulu babası Şeyx Məhəmmədbağır Qazızadənin şəcərəsini yazaraq bu qədim Azərbaycan torpağının tarixini yeni faktlar və sənədlərlə zənginləşdirmişdir.

Elmi-pedaqoji və publisistik fəaliyyətlə yanaşı Eynəddin Məmmədov Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini kimi ictimai fəaliyyətlə də yaxından məşğul olur.

Bu günlərdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, professor Eynəddin Məmmədovu ölkəmizin elmi-pedaqoji, ictimai-siyasi həyatındakı xidmətlərinə və müdrik ağsaqqal, nüfuzlu alim olaraq səmərəli fəaliyyəti ilə Vətənimizin tərəqqisinə, respublikamızda ağsaqqallıq institutunun inkişafına verdiyi töhfələrə görə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif etmişdir. 

Eynəddin müəllim alicənab insan, tanınmış elm adamı və gözəl ziyalı olaraq şərəf və ləyaqətlə yaşadığı ömrünün müdriklik zirvəsindədir. Səmərəli elmi-pedaqoji və publisistik fəaliyyəti nəticəsində yüzlərlə məqalə, onlarla dərslik və monoqrafiyalar yazmışdır. Bir sıra məsul vəzifələrdə, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetində yorulmaz fəaliyyəti ilə ölkəmizin tərəqqisinə və elmimizin inkişafına dəyərli töhfələr vermişdir. Həyatı boyunca hər zaman Azərbaycan xalqına və dövlətinə böyük fədakarlıqla xidmət göstərmişdir. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycanın çiçəklənməsi naminə Eynəddin müəllim bu gün də yüksək əzmkarlıq nümayiş etdirir. Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, müdrik ağsaqqal və dəyərli bir alim olaraq öz nümunəvi fəaliyyəti ilə ölkəmizin elmi və ictimai həyatında yaxından iştirak edir, gənclərimizin vətənpərvərvərlik ruhunda tərbiyə olunmasında, onların təhsilə maraqlarının artırılmasında və elmin cəmiyyətdə təbliğ olunmasında xalqımıza böyük xidmətlər göstərmişdir. Onun şərəfli həyat yolu gənc nəsil üçün örnək sayıla bilər. O, həm də ölkəmizə Azərbaycan Respublikasının qardaş Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov kimi yüksək intellektli, nəcib və vətənpərvər ziyalı övlad bəxş etmiş xoşbəxt ata və gözəl ailə başçısıdır.

Eynəddin Məmmədov səmərəli ictimai, elmi-pedaqoji və dövlətçilik fəaliyyətinin yüksək mükafatlara – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına və bir sıra digər ali təltiflərə layiq görülmüşdür.

Onu da qeyd edək ki, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, professor Eynəddin Məmmədovun əzəli sakinlərinin etnik təmizləməyə məruz qaldığı İrəvan həqiqətlərindən bəhs edən məqaləsi "İrs" jurnalının yeni sayında dərc olunmuşdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər