23.12.2024, 04:57
AZ EN
01.11.2022, 13:38 444

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür

XƏBƏRLƏR

Prezident İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Son illərdə ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, bu  sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib. Aqrar islahatların müasir mərhələsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərarlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib.

Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 il ərzində işğala məruz qalmış torpaqlarımızın azad olunması ölkəmizdə kənd təsərrüfatının inkişafı baxımından da yeni imkanlar yaradıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli Fərmanının icrası çərçivəsində ərazilərin minalardan təmizlənməsi prosesinə paralel olaraq kənd təsərrüfatı əkinlərinin həyata keçirilməsi işləri aparılır. Ötən mövsümdə artıq 50 min hektardan artıq sahələr əkinə cəlb edilib. Həmçinin Kəlbəcər və Laçın rayonlarının yaylaqlarına pilot təcrübə kimi arı ailələri, qoyunçuluq təsərrüfatlarının köçürülməsi həyata keçirilib. Zəngilan rayonunda 5 hektar sahədə Azərbaycan-Türkiyə Qardaşlıq bağı salınıb, həmçinin Zəngilan rayonunun Ağalı kəndində “Dost Aqropark” fəaliyyətə başlayıb.

Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilməklə bitkiçilik və heyvandarlıq sahələrinin inkişaf etdirilməsi, eləcə də həmin ərazilərin bərpası və yenidən qurulmasının yaşıl enerji zonası, “Ağıllı kənd” konsepsiyası əsasında həyata keçirilir.

Torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, bu gün ölkənin kənd təsərrüfatı sektorunda yaradılmış potensial və müasir texnologiyaların tətbiqinin getdikcə genişləndirilməsi hesabına məhsuldarlıq göstəricisinin bütün alt-sahələr üzrə yüksəldilməsi hədəfi əsas vəzifədir.

Aydın məsələdir ki, hər bir ölkədə ərzaq təhlükəsizliyi bir nömrəli vəzifədir. Bu baxımdan ölkəmizin aqrar sektorunun qarşısında mühüm vəzifələr durur. Eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızda da görüləsi çox işlər var. Kənd təsərrüfatı işçiləri bu vəzifələrin öhdəsindən gəlmək üçün bütün qüvvələrini səfərbər ediblər.

Göründüyü kimi, ölkəmizdə kənd təsərrüfatının davamlı inkişafı istiqamətində mühüm irəliləyiş əldə olunub. Qazanılan uğurlarda, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı işçilərinin böyük əməyi var. Onların bu əməyinə verilən yüksək qiymətin təzahürü olaraq hər il noyabrın 1-i Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd edilir.

Əlamətdar gün münasibətilə kənd təsərrüfatı işçilərini təbrik edir, onlara uğurlar arzulayırıq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər