K.Rəhimov əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri Zavodunda başlayıb. 1988-ci ildə soydaşlarımızın Qərbi Azərbaycandan qovulması, 1990-cı ilin Qanlı Yanvar hadisələri və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı onda düşmənə qarşı böyük nifrət yaradıb. O, 1992-ci il martın 17-də könüllü olaraq Milli Ordu sıralarına yazılıb. 1992-ci il aprelin 30-da 2-ci motoatıcı bölüyün komandiri təyin olunub.
Komandir K.Rəhimovun bölüyü iyunun 13-də Goranboy ərazisində Buzluq, Çartaz və Erkəc kəndlərinin azad edilməsində xüsusilə fərqləndi. Həmin ölüm-dirim savaşında 15 erməni qulduru məhv edildi, 4 düşmən əsgəri əsir alındı və xeyli döyüş sursatı ələ keçirildi. Bundan ruhlanan igidlərimiz ertəsi gün, yəni iyun ayının 14-də başqa bir kəndi - Mənəşlini də yaraqlılardan təmizlədilər. Sayca üstünlüyə baxmayaraq ermənilər yenə xeyli itki verdilər. İyunun 15-də onlar daha mühüm bir obyekti - düşmənin yuva saldığı Başkənd kəndini ələ keçirdilər. Bölüyün zəfər yürüşü davam etdikcə Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca düşmən işğalından azad edildi.
21 iyun 1992-ci il... Madagiz kəndi uğrunda yenidən qanlı döyüş başladı. Komandir sanki olacaqları əvvəlcədən duyurmuş kimi, ratsiyanın önündən çəkilmirdi. Elə bu an tabor komandiri Y.Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəlir. O, öz dəstəsi ilə döyüşçü dostlarının köməyinə çatır. Əməliyyat uğurla nəticələnir. Madagiz kəndi ikinci dəfə düşməndən azad olunur.
1992-ci il iyul ayının 3-ü Ağdərə istiqamətində komandirin son döyüşü olur. O, Ağdərə yaxınlığındakı 3-cü sovxozun ərazisinin düşməndən təmizlənməsi uğrunda gedən qanlı döyüşdə qəhrəmanlıqla şəhid olur.
Ailəli idi. Üç övladı Vətənə yadigar qaldı.
Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Bakının küçələrindən biri və Oğuz rayonunun Xaçmaz kəndindəki uşaq bağçası onun adını daşıyır.
44 günlük Zəfər yürüşündə K.Rəhimovun və onun kimi igidlərimizin qisası alındı və dogma torpaqlarımız mənfur düşməndən azad edildi. Cənnətdəki doğum günü mübarək olsun!
Mina RƏŞİD