01.04.2026, 05:18
AZ EN
06.01.2026, 09:00 219

Bu gün şəhid Emral Həsənovun doğum günüdür

XƏBƏRLƏR
  • Anası deyir ki, Emralın yoxluğunu qəbul etmirəm. O, mənim üçün yaşayır. Hər gün səhər saat 5-də durub, ona çay-çörək verib, sonra yola salardım. İndi də səhər saat 5-də dururam, oyanıram və elə bilirəm ki, balamı işə yola salıram. Oğlum hərbçi olmaq istəyirdi, öz arzusuna çatdı...

Bu gün torpaqlarımız uğrunda canından keçmiş qəhrəman şəhidimiz Emral Vüqar oğlu Həsənovun doğum günüdür. O, 2002-ci ilin yanvar ayının 6-da Birinci Qarabağ Müharibəsi veteranı Vüqar Həsənovun ailəsində dünyaya gəlib. Ailənin iki övladından, iki qardaşdan biri olub. Emral erkən yaşlarında atasını itirib. O gündən anası Mətanət xanım onlara həm ata, həm də ana olub. Uşaqlarını Vətənə məhəbbət ruhunda böyüdüb.

Emral 2008-2019-cu illərdə Qubanın Səbətlər kənd tam orta məktəbində oxuyub. 2020-2021-ci illərdə həqiqi hərbi xidmət keçib. Müharibədən 7 ay öncə yenidən N saylı hərbi hissədə MAXE kimi fəaliyyətə başlamışdı. Azərbaycan Ordusunun əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edib. İgid əsgər müharibədə iki dəfə yaralanıb, amma yenidən döyüş yoluna davam edib.
Emral 2023-cü ilin sentyabr ayının 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhidlik məqamına ucalıb.
Şəhidimiz sentyabrın 22-də böyük izdiham və ehtiramla Səbətlər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həsənov Emral Vüqar oğlu “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə” medalları və ölümündən sonra “Vətən uğrunda” medalı, “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər