22.11.2024, 00:17
AZ EN
24.06.2022, 10:10 436

Kövrək ürəyin dayağı

XƏBƏRLƏR
  • Əməkdar incəsənət xadimi, şair, dəyərli insan Çingiz Əlioğlunun iyunun 29-da doğum günüdür. Onun haqqında yazmağı düşünərkən bir hekayə qəhrəmanının, cırıq ayaqqabıları görünməsin deyə, yazı taxtasına çıxmadığı üçün zəngin vurulduğu anda sevincdən gözlərinin yaşarması məni də kimsəsiz tələbə olduğum, qəzetdə çalışdığım ötən illərə qaytardı və gözlərimi yaşartdı... İnsanlığın, yaxşılığın timsalında Çingiz müəllimi düşündüm. Axı Çingiz müəllim də, bir vaxt çətin, işsiz vaxtlarımda mənim və başqa qarabağlı gənclərin xeyirxahı olub...

1993-cü ildə Ağdamın, eləcə də, kəndimizin işğalı ilə pərən-pərən düşdük. Onda, bəlkə, mən ailəmizin sığındığı dəmiryolu vaqonunda xəstələnməsəydim, heç Bakıya da gəlməyəcək, ən böyük arzum olan ali təhsil də almayacaqdım. Yəqin ki, heç Çingiz müəllimi də, elə həmişə gördüyüm kimi, televiziya kanallarından tanıyacaqdım. Amma tale elə gətirdi ki, Çingiz müəllimlə bağlı dəfələrlə yazı yazdım. İlk dəfə mənə bir az sərt görünən bu insan, sən demə, o qədər yuxa ürəkli, o qədər xeyirxah imiş ki, bəlkə, indi bəziləri bu yazını oxuyanda təəccüb edəcək. Axı, biz kənardan başqa təsir də bağışlaya bilirik. Amma qəlbi işıqdan, yaxşılıqdan xali olan adam insanlara dəyər verə bilər! Sözün qısası, bundan sonra Çingiz müəllimlə bağlı çox yazılar yazdım, o qədər qayğıkeş idi ki, hər kəsə verə bilmədiyim sualları ona verməkdən çəkinmədim, şeirlərimi oxudum. Çingiz müəllim doğma Qarabağdan, həsrətində olduğu Şuşadan, gəzdiyi, gördüyü uzaq ölkələrdən, həyatın özündən danışardı, xoşbəxtlik üçün cəh-cəlalın, təmtərağın vacib olmadığını vurğulayırdı... Onda o, Mədəniy­yət Nazirliyində nəşriyyat sektorunun rəhbəri idi. Mənim xarici ədəbi müsabiqəyə qatılmağıma dəstək oldu, yazılarım uzaq yerlərdə antologiyaya daxil edildi... Və bir gün yenə onunla müsahibəyə getmişdim. Onda mən bir qəzetdə qonorarla çalışırdım və ondan iş istəmək heç ağlıma da gəlməmişdi... O, özü işimlə, dolanışığımla maraqlandı. Nazirliyin “Yaddaş” qəzetində mənə iş verdi. Çox sevindim və o gündən Çingiz Əlioğlu mənim üçün həm də unudulmaz insan oldu...                    

İndi Çingiz müəllimlə bağlı bir vaxtlar yazdığım yazılara baxıram. Görürəm ki, 2015-ci ildə doğma “525-ci qəzet”də “Bir zənglə bir ömrü uzatmaq olar” adlı yazını onun doğum gününə  hədiyyə kimi yazmışam. Bu onun misrası idi. O şairin ki,

Yükləyin bu yazı trolleybusa,

Metro qatarıyla daşıyın barı.

Alça çiçəyilə çiçəkləsin qoy

Şəhərin toz basmış tramvayları.

Çingiz müəllimin dünya ədəbiy­yatında olduğu kimi müxtəlif formalarda şeirləri var. Orada səslər, sözlər başqa havadadı. Amma mənim bir oxucu kimi onun belə sadə, çox da qəlibə salınmayan, ürək genişliyi ilə qələmə alınmış şeirləri, bəndləri, misraları daha çox xoşuma gəlir. Çünki şairin özünün də, dediyi kimi

...Mənim gözlərimə siz açıq baxın

Sözün qiyməti yox, sözlər nə gərək.

Məni az incidin, yandırıb-yaxın,

Doğmalıq istəyir bu kövrək ürək.

Düşünürəm, bu gün həyatda belə xeyirxah, doğma insanlar çoxdurmu? Şərt o qramofon valı kimi Vətən, millət, bayraq sözlərini üyüdüb üstümüzə tökmək, bayağı vətən “nəğmələr”ini qulağımıza qışqırmaq deyil. Əsas olan, Çingiz Əlioğlu kimi, bir qarabağlı məcburi köçkün balasının, doğmaları şəhid, qazi olub, özü tikanların üstüylə addımlayan bir gəncin qolundan tutmaq, eli-obası üçün səssiscə çiynini bir yükün altına vermək, yıxılanı qaldırmaq, istedada meydan vermək, bir sözlə, İNSAN olmaqdı…

Yenə bir yazını xatırlayıram. Yenə Çingiz müəllimin doğum gününə 2018-ci ildə “525-ci qəzetin” 29 iyun sayında “Nə yaxşı ki, varsınız!” adlı yazıya baxıram. “…Beləcə, ömür keçir, adamlar tüstü olur, duman olur, zülmət olur... Amma adam istəsə, yağış olar, topa-topa çiçək olar, günəş olar, işıq olar... Vətən olar, Qarabağ olar, doğma olar, əziz olar... sevimli, istiqanlı şairimiz Çingiz Əlioğlu kimi...” Çingiz müəllim o qədər doğma gəlir ki, bəzən ona çaşıb “Çingiz əmi” deyirəm.

İndi illərdi xəstəliklə mübarizə aparır, bəlkə, heç bu yazıdan da xəbəri olmayacaq. Tanrı ona şəfa versin. Amma biz, 90-cı illərin gəncləri onu unuda bilmirik. Çünki yaxşılıq heç vaxt itmir. Bu vəfasız dünyada YAXŞILIQ kimi sərmayə yoxdur. Yaxşılıq etdiklərin sənə yaxşılıq arzulayır. Bunu etməsələr belə, bir başqası, bəlkə, ayrı cürə etdiyin yaxşılığın əvəzini verəcək, inan ki, mütləq verəcək...

Doğum gününüzlə bərabər Zəfəriniz mübarək, Çingiz müəllim!

Mina RƏŞİD

Oxşar xəbərlər