25.04.2025, 17:31
AZ EN
25.04.2025, 10:24 239

Torpaqlarımızı qaytarmağa gedirəm...

XƏBƏRLƏR
  • Ceyhun hərbi xidmətə yollananda demişdi ki, ata, gedirəm düşməndən torpaqlarımızı almağa. Bu sözlər onun ürəyindən gəlmişdi və tezliklə müharibənin başlanacağını sanki hiss eləmişdi. Ceyhun sözünə sadiq oldu və yurdumuzun azadlığı uğrunda mərdliklə savaşdı. Ceyhunun arxada qoyub gəldiyi bircə qardaşı vardı. Onun şəhadətindən sonra isə ata-anasına təsəlli kimi ailədə bir oğlan uşağı dünyaya gəldi. Adını Ceyhun qoydular...     

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Ceyhun Nazim oğlu Gözəlzadənin doğum günüdür. O, 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. 2009-2020-ci illərdə Bəydili kənd orta məktəbini bitirib. 2020-ci ilin iyul ayında Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb.

Ceyhun Gözəlzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində  iştirak edib. O, Ağdərə rayonu istiqamətində gedən döyüşlərə könüllü qoşulub. Sentyabrın 29-da qanlı döyüşlərin birində qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz 30 sentyabr 2020-ci ildə doğma Biləsuvar rayonu, Bəydili kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ceyhun Gözəlzadə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nula dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər