Məhəmməd yuxusunda görmüşdü şəhid olacağını. Təsəvvür edin ki, bir ana yaşlı qohumunun öldüyünü eşidir, amma gəlib görür ki, balası şəhid olub. Bütün bu sarsıntıları yaşayan Məhəmmədin anası bu gün övladından üzündə nur, təbəssümlə danışır və onunla qürur duyur.
Torpaqlarımzın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımızdan biri də Hüseynov Məhəmməd Şəfahət oğludur. O, 2003-cü il dekabr ayının 30-da Lənkəran rayonu, Viyən kəndində anadan olub. Məhəmməd orta təhsilini Kənarmeşə kənd orta məktəbində alıb.
Ordumuzun əsgəri Məhəmməd Hüseynov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhdətə ucalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məhəmməd Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD